ASTANADA MDB XARİCİ İŞLƏR NAZİRLƏRİ VƏ HÖKUMƏT BAŞÇILARI ŞURALARININ İCLASLARI KEÇİRİLMİŞDİR
Qazaxıstanın xarici işlər naziri Qasımcomərd Tokayev iclası açaraq iştirakçıları salamlamış, Beslanda, Rusiyanın başqa yerlərində və Daşkənddə törədilmiş terror aktlarını pisləmişdir. O demişdir ki, əgər terrorizmlə mübarizədə MDB çərçivəsində səyləri birləşdirməsək, bu bəlanın qarşısını almaq çətin olacaqdır.
İclasda beynəlxalq terrorizmlə və mütəşəkkil cinayətkarlıqla birgə mübarizədə MDB çərçivəsində hərtərəfli əlaqələrin genişləndirilməsi, habelə MDB-də islahatlar aparılması, onun rolunun artırılması, Birlik ölkələrinin hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, MDB-də azad iqtisadi zonaların yaradılması, mədəniyyət sahəsində əməkdaşlıq və bir sıra digər məsələlər müzakirə edilmiş, imzalanmaq üçün sənədlər hazırlanmışdır.
X X X
Həmin gün Astanada MDB Hökumət Başçıları Şurasının iclası olmuşdur. İclasda Baş nazir Artur Rasizadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak etmişdir.
Qazaxıstanın Baş naziri Danial Axmetov iclası acaraq, üzv ölkələr arasında əlaqələrin genişləndirilməsində MDB-nin rolunun artırılmasından danışmışdır.
Hökumət başçıları Xarici İşlər Nazirləri Şurasının təqdim etdiyi sənədləri müzakirə etmiş, 30-dək sənədi imzalamışlar.
Qapalı keçən iclas qurtardıqdan sonra hökumət başçıları jurnalistlərin suallarına cavab vermişlər. Sentyabrın 15-dən etibarən Rusiyanın Azərbaycanla sərhəddə nəzarəti gücləndirməsi ilə bağlı suala cavabında Baş nazir Artur Rasizadə demişdir: Biz buna normal yanaşırıq, belə ki, bir ölkədə cinayət törətmiş adamlar sərbəst şəkildə digər ölkəyə keçə bilirlər. Azərbaycanın hüquq mühafizə orqanları ölkədə çoxlu belə cinayətkarı yaxalayaraq, Rusiyaya təhvil vermişlər. Biz Rusiyada baş vermiş bütün terror aktlarını, o cümlədən Beslanda törədilmiş cinayəti pisləyirik. Rusiyanın Azərbaycanla sərhəddə nəzarəti gücləndirməsi əlaqələrimizin genişlənməsinə mane olmayacaqdır.