Astarada ictimai nəqliyyat və velosipedçilərlə bağlı reyd keçirilib
Astara, 25 avqust, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları ictimai nəqliyyatda xüsusi karantin rejiminin tələblərinə riayət olunması və velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reyd keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Astara rayonu daxilində sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində keçirilən reyd zamanı bəzi sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb. Onlarla maarifləndirici söhbətlər aparılıb və tibbi maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılıb.
Reyd zamanı, həmçinin avtomobil yollarında hərəkət edərək qəza şəraiti yaradan velosipedçilər saxlanılıblar. Onlarla profilaktik söhbətlər aparılıb və bu formada hərəkət etmələrinin həm özləri, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükəli olduğu bildirilib.
Qaydalara əməl etməyən velosipedçilər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, cərimə protokolları tərtib olunub.