ASTARADA UŞAQ MUĞAM İFAÇILARININ IV RESPUBLİKA MÜSABİQƏSİNİN YEKUN TURU KEÇİRİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, mayın 15-də Astara şəhər mədəniyyət evində uşaq muğam ifaçılarının IV respublika müsabiqəsinin yekun turunun açılışı olmuşdur.
Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzi meydanında ümummilli liderimiz Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Mərasimdə rayon icra hakimiyyəti başçısının müavini Natiq İbadov, münsiflər heyətinin sədri, xalq artisti Canəli Əkbərov çıxış edərək ölkəmizdə milli mənəvi dəyərlərimizin, adət və ənənələrimizin qorunub saxlanması və onun daha da inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışmış, muğamlarımızın dünyada tanınmasında, gənc istedadların və muğam ifaçılarının üzə çıxarılmasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətlərini yüksək qiymətləndirmiş, müsabiqə iştirakçılarına yaradıcılıq uğurları arzulamışlar.
Tamaşaçılar respublika müsabiqəsinin münsiflər heyətinin üzvlərini - xalq artistləri Ağaxan Abdullayevi, Səkinə İsmayılovanı və Mənsum İbrahimovu, əməkdar artist Gülyaz Məmmədovanı, əməkdar incəsənət xadimi Ağaverdi Paşayevi və Mədəniyyət Nazirliyinin məsul işçisi Oqtay Muxtarovu hərarətlə qarşılamışlar.
Mədəniyyət Nazirliyinin əmrinə müvafiq olaraq artıq dördüncü dəfə Astara şəhərində keçirilən respublika müsabiqəsinin yekun mərhələsində ölkəmizin 60-dan çox rayon və şəhərindən gəlmiş 200 nəfər gənc muğam ifaçısı dörd gün ərzində öz istedad və bacarığını nümayiş etdirəcəkdir.
18 yaşadək yeniyetmələr arasında keçirilən muğam yarışmasının qalibləri üçün aşağıdakı mükafatlar nəzərdə tutulmuşdur: birinci yer - 500 manat; ikinci yer - 300 manat; üçüncü yer - 250 manat; dördüncü yer - 200 manat.
Müsabiqə iştirakçılarına, həmçinin, hər biri 100 manat olmaqla 5 həvəsləndirici mükafat da təqdim ediləcəkdir.
Uşaq muğam ifaçılarının IV respublika müsabiqəsi qaliblərinin iştirakı ilə yekun konserti və laureatların mükafatlandırılması mərasimi Bakı şəhərində - Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcəkdir.