Astaranın dağlıq ərazisində yerləşən kəndlərin sosial problemləri həll edilir
Astara, 4 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Son illər Astara rayonunun yüksək dağlıq ərazisində yerləşən yaşayış məntəqələrinin sosial problemlərinin həllinə diqqət artırılıb.
Hələ ötən əsrin 60-70-ci illərində Lerik rayonu ərazisindən Astara rayonunun Asxanakəran və Hamoşam inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinə çəkilən elektrik xəttinin istismar müddəti başa çatdığından bu kəndlərə elektrik enerjisi verilişində yaranan fasilələr əhalinin haqlı narazılığına səbəb olurdu.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə Taxtanakəran kəndindən Motalayataq kəndinədək 13 kilometr uzunluğunda yeni 10 kilovoltluq elektrik xəttinin çəkilişi başa çatdırılaraq əhaliyə elektrik enerjisinin verilişinə başlanılıb.
Rayonun Hamoşam və Rıvadila kəndlərində Bəşərü çayı üzərində uzunluğu 12 metr, eni 4 metr olan dəmir konstruksiyalı iki avtomobil körpüsü tikilərək bu günlərdə istifadəyə verilib.
Toradi kəndində “Baba Rəsul” ziyarətgahına gedən avtomobil yolunda suötürücü boru qoyulub, 350 metrlik yolda təmir işləri aparılıb.
Hamoşam kəndində Yaponiya səfirliyi tərəfindən inşasına başlanmış həkim məntəqəsinin tikintisi isə davam edir.
Kənd sakinləri koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, insanların sağlamlığının qayğısına qalan, onların sosial vəziyyətinin, məişət şəraitinin yaxşılaşdırılmasına daim diqqət və qayğı göstərən dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.