Astronavtika Konqresinin Bakıda keçirilməsi beynəlxalq aləmdə ölkəmizə olan etimadın əyani göstəricisidir- RƏY
Bakı, 5 oktyabr, AZƏRTAC
74-cü Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsi ölkəmizin inkişaf edən müasir dünyanın mühüm hissəsinə çevrildiyinin göstəricisidir. Azərbaycanda müasir texnologiyaların geniş şəkildə tətbiqi nəticəsində rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilib. Dövlətin dəstəyi ilə kosmik sənaye üzrə müasir infrastruktur yaradılıb, informasiya təhlükəsizliyinin vacib komponenti olan telekommunikasiya peykləri orbitə buraxılıb. Həmçinin xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılaraq peyk xidmətlərinin ixracına başlanılıb. Mövcud peyk şəbəkəsi ölkəmizin suverenliyinin qorunması ilə yanaşı, onun sosial-iqtisadi inkişafına da mühüm dəstək verir. Uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilərək, beynəlxalq aləmdə böyük nüfuz qazanıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.
O qeyd edib: “Kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilmiş təcrübənin, formalaşmış yeni insan kapitalının və etibarlı tərəfdaş imicinin təzahürü olaraq, ölkəmiz bu il Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi hüququ qazanıb. Bu beynəlxalq tədbir ölkəmizdə ikinci dəfədir keçirilir. İlk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə 1973-cü ildə keçirilmişdi. Əlli ildən sonra Azərbaycanın yenidən bu tədbirə ev sahibliyi etməsi texnologiya sahəsində qazanılan nəticənin bəhrəsidir”.
Vurğulanıb ki, dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan Konqresin ölkəmizdə yenidən keçirilməsi bizə kosmik sənayenin inkişafına, Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal sənayeyə yaxından inteqrasiya olunmağımıza daha çox imkan yaradacaq. Builki Konqresdə dünyanın 100-dən artıq ölkəsindən 5 mindən artıq nümayəndənin iştirakı tədbirə verilən önəmin göstəricisi kimi dəyərləndirilir.
Y.Hacızadə bildirib ki, son illər ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi dövlətimizə olan etimadın və yüksək təşkilatçılıq təcrübəsinin qəbul olunması baxımından əhəmiyyətlidir. Belə tədbirlər vasitəsilə ölkəmiz öz imkanlarını təqdim edərək, iqtisadiyyatın müəyyən sahələrinin, həmçinin turizmin, elmin, texnologiyanın inkişafını təmin edir. Eyni zamanda, erməni lobbisinin və ölkəmizə qarşı qarayaxma kampaniyası aparan qüvvələrin uydurmalarının əksinə olaraq, Azərbaycana gələn qonaqlar inkişaf etmiş, müasir və qədim mədəniyyətin sintezini yaşayan, multikultural dəyərlərə sahib, fərqli etnik və dini kimlikləri özündə birləşdirən toplumların birlikdə firavan şəkildə, sülh içində yaşadıqlarının şahidi oldular. Ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi dövlətimizin imkanlarının daha çox tanıdılması və təqdimatı baxımından da müstəsna əhəmiyyət daşıyır.