ATƏT AZƏRBAYCANIN TURİZM SEKTORUNU DƏSTƏKLƏYİR
Məruzə ölkəmizin turizm sektorunun dəstəklənməsi üçün ATƏT-in Azərbaycandakı nümayəndəliyinin köməyi ilə “Mülki inkişaf korpusu” təşkilatı tərəfindən həyata keçirilən layihə çərçivəsində hazırlanmışdır.
ATƏT-in respublikamızdakı nümayəndəliyinin başçısı Piter Burhard sənədin hazırlanmasından danışarkən demişdir ki, onun əsas məqsədi ölkəmizdə sabit iqtisadi inkişafı dəstəkləməkdir. Ümid edirəm ki, bu sənəd Azərbaycan iqtisadiyyatının inkişafında müsbət rol oynayacaq və turizm sahəsində uzunmüddətli dövlət proqramı gerçəkləşdirilərkən nəzərə alınacaqdır.
Məruzədə son on ildə Azərbaycanda turizmin inkişafının xülasəsi verilmişdir. Buraya turizm sahəsinin müxtəlif istiqamətlərinin inkişafına dair tövsiyələr və iş planı daxildir. Nəqliyyat şəbəkəsi, istirahət komplekslərinin infrastrukturu, eləcə də marketinq xidmətləri bu qəbildəndir. Sənəddə bildirilir ki, Azərbaycan turizm sahəsində böyük potensiala malikdir və onun inkişafı ölkəmizə xeyli mənfəət gətirəcəkdir.