SİYASƏT
ATƏT-in Bakı layihə əlaqələndiricisi Milli Məclisdə olmuşdur
Bakı, 19 iyun (AZƏRTAC). İyunun 19-da Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradova ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinski ilə görüşmüşdür.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirilmişdir ki, görüşdə Bahar Muradova əslən azərbaycanlı olan A.Şaxtaxtinskinin ATƏT-Azərbaycan əməkdaşlığına layiqli töhfələr verəcəyinə inandığını bildirmişdir. O, qonağa Milli Məclisin fəaliyyəti, qanun yaradıcılığı prosesi barədə məlumat vermişdir.
ATƏT ilə münasibətlərin inkişafı barədə danışan Bahar Muradova qurumda ölkəmizlə bağlı konkret layihələrin hazırlanmasından məmnunluğunu bildirmiş, yeni layihələrdə parlament üzvlərinin həvəslə iştirak edəcəyini vurğulamışdır.
B.Muradova bildirmişdir ki, Azərbaycan ATƏT-in bərabərhüquqlu üzvü olmaqla yanaşı, təşkilatın dəyərlərinin regionda bərqərar olmasının ən fəal təbliğatçısıdır. Bir neçə gündən sonra Azərbaycan qurumla bağlı böyük bir tədbirə - ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasına ev sahibliyi edəcəkdir. Toplantıya hazırlıqlarla bağlı geniş məlumat verən Milli Məclis sədrinin müavini qeyd etmişdir ki, sessiyaya böyük maraq vardır və artıq quruma üzv olan ölkələrdən 370-dən artıq deputat qeydiyyatdan keçmişdir.
ATƏT-in Bakı layihə əlaqələndiricisi A.Şaxtaxtinski Azərbaycanın qurumdakı fəaliyyətini yüksək qiymətləndirmiş, ölkədə müşahidə edilən demokratik inkişafdan və iqtisadi yüksəlişdən məmnun olduğunu bildirmişdir. O, ATƏT PA-nın 23-cü sessiyasının Bakıda keçirilməsinin təşkilatdakı fəaliyyətində uğurlu bir başlanğıc olduğunu demişdir. Qonaq Milli Məclisin ATƏT-in Bakı ofisi ilə sıx əlaqələrinin olduğunu və bundan sonra bu əlaqələrin daha da intensivləşməsi üçün əlindən gələni əsirgəməyəcəyini diqqətə çatdırmışdır. O, təşkilatda həyata keçirilməsi planlaşdırılan yeni layihələrdən də söhbət açmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.