ATƏT-İN PARLAMENT ASSAMBLEYASININ 17-Cİ YAY SESSİYASI ÖZ İŞİNİ DAVAM ETDİRİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 1-də ATƏT-in Parlament Assambleyasının (PA) 17-ci yay sessiyası öz işini ümumi komitələrdə davam etdirmişdir.
Azərbaycan Milli Məclisi sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyətinin iştirak etdiyi sessiyada demokratiya, insan hüquqları və humanitar məsələlər, iqtisadi məsələlər, elm, texnologiyalar, ətraf mühitin mühafizəsi, həmçinin siyasi məsələlər və təhlükəsizlik ümumi komitələrində ATƏT PA-nın bir sıra qətnamələrinə dəyişikliklər və əlavələr edilmişdir. Demokratiya, insan hüquqları və humanitar məsələlər ümumi komitəsinin iclasında Türkiyə parlament nümayəndə heyətinin rəhbəri Ələddin Böyükkaya “ATƏT çərçivəsində şəffaflıq” qətnamə layihəsinə əlavə təklif etmişdir. Təklif qəbul olunmuşdur. Təklifin qətnaməyə əlavə olunmasında Azərbaycan nümayəndə heyəti də iştirak etmişdir.
Bu əlavə dövlətlər arasında mübahisəli məsələlərin həll edilməsi və mübahisələrə siyasi, hüquqi, tarixi və elmi qiymət verilməsi üçün ATƏT-in üzvü olan ölkələrin nümayəndələrinin iştirakı ilə komissiya yaradılmasını nəzərdə tutur. Ələddin Böyükkaya bildirmişdir ki, ermənilər ATƏT PA-nın iclaslarında müntəzəm olaraq Türkiyə və Azərbaycan əleyhinə sənəd və düzəlişlərin verilməsinə çalışmışlar. Biz isə tarixi mənbələr əsasında bu sənəd və düzəlişləri ifşa edən sənədlər təqdim etmişik. Nəticə isə göz qabağındadır.
ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova demişdir ki, bu əlavə erməni soyqırımı, ölkələrin bir-birinə ərazi iddiaları, hər hansı tarixi mübahisələrə dair məsələlərin həll olunması mexanizmini ATƏT-in üzvü olan ölkələrin üzərinə qoyur.
Azərbaycan nümayəndə heyətinin üzvü Fəttah Heydərov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, ATƏT PA-nın növbəti sessiyasının Mərkəzi Asiyada keçirilməsi mühüm hadisədir və qurumun üzvü olan dövlətlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, işğal olunmuş ərazilərimizdə havanın, torpağın və suyun çirkləndirilməsi ilə əlaqədar bir daha geniş məlumatlar aldılar. Türkiyəli deputatın əlavəsini isə Azərbaycan və Türkiyə deputatlarının qələbəsi adlandırmaq olar.
ATƏT-in Parlament Assambleyası öz işini davam etdirir.