ATƏT PA-nın vitse-prezidenti Bosniya və Herseqovinada bir sıra görüşlər keçirib
Bakı, 10 mart, AZƏRTAC
ATƏT-in Parlament Assambleyasının Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev daxili və regional prosesləri müzakirə etmək məqsədilə martın 8-10-da Bosniya və Herseqovinada bu ölkənin hökumət rəsmiləri, parlamentariləri və siyasi partiyaların nümayəndələri ilə bir sıra görüşlər keçirib.
AZƏRTAC ATƏT PA-nın rəsmi saytına istinadla xəbər verir ki, səfər çərçivəsində Azay Quliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç, parlamentinin sədri və xarici işlər naziri, Seçki hüququ islahatı üzrə qurumlararası işçi qrupunu təmsil edən siyasi partiyaların nümayəndələri, həmçinin bu ölkənin insan hüquqları və qaçqınlar naziri, BMT-nin Bosniya və Herseqovina üzrə ali nümayəndəsi, Polşanın bu ölkədəki səfiri və Bosniya və Herseqovinanın ATƏT-dəki missiyasının rəhbəri ilə görüşlər keçirib.
ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Qərbi Balkan ölkələrinə ilk rəsmi səfərini məhz Bosniya və Herseqovinaya etməkdən məmnun olduğunu bildirib. “Yüksək səviyyəli görüşlər mənə bu ilin iyulunda yekun hesabatımı hazırlayarkən qiymətləndirəcəyim çağırışları və region üçün perspektivləri yerində görmək imkanı verdi. Mən bütün tərəfləri və həmsöhbətləri Bosniya və Herseqovinanın maraqlarına uyğun olaraq çətinliklərin öhdəsindən gəlmək üçün dialoqa çağırdım. ATƏT Parlament Assambleyası Bosniya və Herseqovina üçün strateji əhəmiyyət kəsb edən məsələlərlə bağlı siyasi prosesləri asanlaşdırmağa hazırdır”,- deyə Azay Quliyev bildirib.
Görüşlərdə A. Quliyev siyasi və təhlükəsizliklə bağlı son proseslərin inkişafı, eləcə də Qərbi Balkan ölkələri ilə əlaqədar baş verən siyasi proseslər barəsində geniş məsləhətləşmələr aparıb. Xüsusi nümayəndə oktyabrda keçiriləcək ümumi seçkilər ərəfəsində dövlət qurumlarının tam fəaliyyətinin bərpasının, eləcə də “Seçkilər haqqında” qanunda islahatların aparılmasının vacibliyinə toxunub. Azay Quliyev qarşıdan gələn seçkilərlə əlaqədar bildirib ki, dəvət olarsa, ATƏT-in Parlament Assambleyası Bosniya və Herseqovinaya seçki müşahidə missiyasını göndərməyə hazırdır.
Müzakirə olunan digər mövzular regional əməkdaşlıq, sülh və bərpa, eləcə də Qərbi Balkan ölkələrinin Avropaya inteqrasiyası ilə bağlı olub. Görüşlər zamanı vurğulanıb ki, Avropa İttifaqına inteqrasiya prosesi Bosniya və Herseqovinanın əsas məqsədi və islahatların irəliləməsi üçün ən təsirli stimul olaraq qalır. ATƏT-in regionda mövcudluğunun əhəmiyyəti, xüsusilə də təşkilatın sahə fəaliyyətləri və geniş müzakirələr platforması, həmçinin ATƏT-in Bosniya və Herseqovinadakı missiyasının ekspert məsləhətləşmələri və yardımları vasitəsilə yerli qurumlarla davam etdirdiyi mükəmməl əməkdaşlığı diqqətə çatdırılıb.
Görüşlərdə Bosniya və Herseqovina nümayəndələri regional əməkdaşlığı gücləndirəcək və demokratik prosesləri inkişaf etdirəcək əməkdaşlığın, eyni zamanda, gələcəyə hesablanmış yanaşmanın vacibliyini vurğulayıblar.