“Avaza” turizm zonasında Türkmənistan X beynəlxalq təbii qaz konqresi keçirilir
Avaza, 21 may, АZƏRTAC
Xəzər dənizi sahilində yerləşən “Avaza” milli turizm zonasında Türkmənistan X beynəlxalq təbii qaz konqresi keçirilir.
AZƏRTAC xəbər verir ki, konqresdə neft-qaz sənayesinin strateji və ticari məsələləri, istehsalın bütün texniki tərəfləri müzakirə edilir.
Tədbirə 30 ölkədən 400-dən çox nümayəndə, o cümlədən neft və qaz sektorunun, xidmət və konsaltinq şirkətlərinin rəhbərləri, beynəlxalq təşkilatlar, innovasiya mərkəzləri, elmi tədqiqat və dizayn institutlarının rəhbər və nümayəndələri iştirak edir.
Konqresin əsas mövzuları “TAPI - sülh və sabitlik boru kəməri”, “Boru kəməri layihələri - enerji təhlükəsizliyi və davamlılığının əsas elementləri”, “Qaz gəlirləri, şaxələndirmə və inkişaf yolu”. Tədbirdə Türkmənistanın yeni qaz-kimya layihələrinin potensialı nəzərdən keçiriləcək. Bu sahədəki şirkətlərin menecerləri innovativ məhsulların təqdimatını keçirəcək, əməkdaşlıq perspektivləri müzakirə olunacaq. Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəmərinin tikintisi diqqət mərkəzində olacağı tədbir çərçivəsində yeni müqavilələr imzalanacaq və razılaşmalar əldə ediləcək.
Yubiley konqresin təşkilatçıları “Türkmənqaz” Dövlət Konserni və “Türkmən Forum” şirkətidir.
Konqresin açılışında Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Muratgeldi Meredov, "Türkmənqaz" Dövlət Konserninin sədri Murat Arçayev, “Gaffney, Cline & Associates” İngiltərə neft şirkətinin regional direktoru Con Qafni, BMT -nin Türkmənistanda daimi koordinatoru Elena Panova hesabatlarını təqdim ediblər.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Avaza