AVRASİYA DÖVLƏTLƏRİ YEDDİNCİ İQTİSADİ ZİRVƏSİNİN İŞTİRAKÇILARINA
Sizi - Avrasiya Dövlətləri Yeddinci İqtisadi Zirvə Toplantısının bütün iştirakçılarını səmimi qəlbdən salamlayır və toplantının işinə uğurlar diləyirəm.
Artıq ənənəvi hal almış Avrasiya iqtisadi zirvələri xalqlarımız və dövlətlərimiz arasında iqtisadi, siyasi, humanitar və mədəni əlaqələrin inkişafına mühüm töhfələr vermişdir. Toplantıda türkdilli dövlətlərlə yanaşı, Avropa və Asiyanın əsas ölkələrinin, aparıcı beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı onun perspektivli müzakirələr və təşəbbüslər üçün əhəmiyyətli olacağını söyləməyə əsas verir.
Azərbaycanın ümummilli lideri, mərhum Prezident Heydər Əliyev “Mərmərə” qrupunun təşkil etdiyi Avrasiya zirvə toplantıları ilə daim yaxından maraqlanır, region dövlətləri arasındakı qarşılıqlı əməkdaşlığa onun göstərəcəyi müsbət təsiri lazımınca qiymətləndirirdi. Odur ki, keçən zirvə toplantılarında Azərbaycanın geniş təmsil olunmasına hər cür şərait yaradılmış, toplantı iştirakçılarına Azərbaycan Prezidentinin təbrikləri ünvanlanmış, regional əməkdaşlığın vəziyyəti və perspektivləri haqqında mülahizələri bildirilmişdir. Zirvə Toplantılarının daimi təşkilatçısı olan “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfi türkdilli dövlətlərin və digər Avrasiya ölkələrinin siyasi, iqtisadi və mədəni əlaqələrinin möhkəmlənməsində, regional əməkdaşlığın güclənməsində Heydər Əliyevin göstərdiyi xidmətlərini nəzərə alaraq, onu özünün fəxri sədri seçmişdi. Əmin ola bilərsiniz ki, ümummilli liderimizin əsasını qoyduğu bu xətt bundan sonra da dönmədən davam etdiriləcək, Azərbaycan rəhbərliyi ikitərəfli və regional əməkdaşlığın inkişafı, bölgəmizdə sülh və təhlükəsizliyin təmin olunması üçün bütün imkanlardan istifadə edəcəkdir.
Avrasiya ölkələrinin iqtisadi Zirvə Toplantısı dünyada gedən qloballaşma və inteqrasiya proseslərinin vüsət aldığı bir dövrdə xüsusi əhəmiyyət kəsb edir. Bugünkü dünyanın reallıqları bütün dövlətlərin və xalqların sıx iqtisadi, humanitar və mədəni əlaqələrdə olmasını, bütöv xalqların və ayrı–ayrı insanların təhlükəsizliyinin birgə səylərlə təmin edilməsini, təcavüzkar separatizmə, terrora, müharibələrə qarşı birgə fəaliyyət göstərməyi tələb edir. Bu baxımdan toplantıda region dövlətləri arasında iqtisadi, humanitar və siyasi əlaqələrin ətraflı təhlili və mövcud problemlərin həlli üçün əsaslandırılmış təkliflər verilməsi əhəmiyyətli olacaqdır.
Məmnunluqla qeyd edirəm ki, bu gün Azərbaycanla Türkiyə arasında əlaqələr və münasibətlər bütün sahələrdə uğurla inkişaf edir. İki dövlət arasında starateji müttəfiqlik münasibətləri mövcuddur. Türkiyənin iş adamları Azərbaycanda bütün sahələrdə - neft sektorunda, kənd təsərrüfatında, istehsal və xidmət sahələrində geniş təmsil olunmuşlar. İki ölkənin iqtisadi–coğrafi mövqeyi elədir ki, heç bir regional əməkdaşlıq layihəsi onların iştirakı olmadan həyata keçirilə bilməz. Azərbaycan dövlətinin mövqeyi ondan ibarətdir ki, regionun verdiyi imkanlardan bütün Avrasiya ölkələri öz xalqlarının rifahı naminə birgə istifadə etməli və maksimum yararlanmalıdır.
Müstəqilliyinin ikinci onilliyini yaşayan gənc Azərbaycan Respublikası regional və beynəlxalq inteqrasiya və əməkdaşlıq proseslərində fəal iştirak edir. Azərbaycan terrorizmə qarşı mübarizədə, regional təhlükəsizlik və əməkdaşlıqla bağlı tədbirlərdə fəal iştirak edərək, ümumbəşəri dəyərlərin, sülh və əməkdaşlığın hakim olacağı yeni dünya uğrunda hərəkata öz töhfələrini verir. Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan istisna olmaqla ölkəmiz, bütün region və dünya dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı iqtisadi və mədəni əlaqələr qurur, bir sıra beynəlxalq iqtisadi–enerji layihələrinin reallaşmasında əsas təşəbbüskarlardan və təşkilatçılardan biridir. Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin memarı olduğu əsrin ən böyük enerji layihəsi - Bakı–Tbilisi-Ceyhan artıq reallıqdır. Tezliklə sizinlə birlikdə onun istismara verilməsini təntənəli surətdə qeyd edəcəyik. Biz Avropa ilə Asiyanı birləşdirən və “Böyük İpək yolu” adlanan digər nəhəng layihənin reallaşması, nəqliyyat–kommunikasiya xətlərinin qurulması, Bakı–Tbilisi-Ərzurum qaz kəmərinin çəkilməsi üçün də bütün lazımi işləri görürük. Hər iki layihə üzərində işlər uğurla davam edir. Əminəm ki, regional əməkdaşlığa ciddi təsir göstərəcək bu layihələr bizi daha da birləşdirəcəkdir.
Bir daha zirvə toplantısının işinə uğurlar diləyir, onun regional və beynəlxalq əməkdaşlıq işinə müsbət təsir göstərəcəyinə ümid bəsləyirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 avqust 2004-cü il.