Avropa Azərbaycanlıları Konqresi 20 Yanvar faciəsi ilə əlaqədar Avropa ictimaiyyətinə müraciət etmişdir
Berlin, 21 yanvar (AZƏRTAC). Avropa Azərbaycanlıları Konqresi 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Avropa Parlamentinə, Almaniya Bundestaqına, alman ictimaiyyətinə və qeyri-hökumət təşkilatlarına məktubla müraciət etmişdir.
Məktubda Azərbaycan xalqının tarixinə Qara Yanvar kimi daxil olmuş hadisələr barədə məlumat verilmiş, faciə qurbanlarının xatirəsinin hər il bütün ölkədə və Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da yad edildiyi bildirilmişdir. Eyni zamanda, Azərbaycanın müstəqilliyinin bərpası uğrunda 1988-ci ildən başlayan milli azadlıq hərəkatı, sovet rejiminin amansız qəddarlıqla buna qarşı çıxması barədə geniş məlumat verilmiş, 1990-cı il yanvarın 19-da M.Qorbaçovun göstərişi ilə sovet qoşun birləşmələrinin Bakıya göndərildiyi qeyd edilmişdir. Bildirilmişdir ki, yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən silahsız və günahsız yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür.
Məktubda qeyd edilmişdir ki, 20 Yanvar faciəsinin təhlili həmin hadisələrin sovet imperiyasının Azərbaycana qarşı planlaşdırdığı hərbi aksiya olduğunu aşkara çıxarmışdır.
Məktubda müstəqillik uğrunda canlarından keçmiş şəhidlərimizə rəhmət dilənmiş və onlar ölümləri ilə gələcək nəsil üçün qəhrəmanlara çevrildikləri vurğulanmışdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin