AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİNİN SƏDRİ HAKİMLƏR VƏ HAKİMLİYƏ NAMİZƏDLƏR QARŞISINDA MÜHAZİRƏ OXUMUŞDUR
Məhkəmə-Hüquq Şurasından AZƏRTAC-a bildirmişlər ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi müstəsna əhəmiyyət kəsb edir.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə Avropa Məhkəməsinin presedent hüququnun hakimlər tərəfindən mütəşəkkil öyrənilməsi və tətbiqi tövsiyə edilmişdir. Bu məqsədlə bir çox tədbirlər, o cümlədən tanınmış mütəxəssislərin iştirakı ilə silsilə təlimlər təşkil olunur, məhkəmənin qərarları geniş yayılır.
Eyni zamanda Məhkəmə-Hüquq Şurası tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinin hakimləri Boştian Zhupançiç, Eqbert Meyer və Xanlar Hacıyevin iştirakı ilə beynəlxalq konfrans və digər tədris tədbirləri, konvensiyanın tətbiqi problemləri ilə bağlı geniş seminarlar keçirilmişdir.
Ölkəmizdə səfərdə olan Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Jan-Pol Kosta mayın 3-də Avropa Məhkəməsinin təcrübəsi barədə hakimlər və hakimliyə namizədlər qarşısında mühazirə ilə çıxış etmişdir.
Tədbiri giriş sözü ilə açan Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Ramiz Rzayev ədalət mühakiməsinin səmərəliliyinin artırılması və demokratik dəyərlərin tətbiqi üzrə Azərbaycanın nailiyyətlərini qeyd etmiş, Avropa İnsan Hüquqları Məhkəməsi sədrinin hakimlər və hakimliyə namizədlərlə görüşünün və tövsiyələrinin əhəmiyyətini vurğulamışdır.
Avropa Məhkəməsinin presedent hüququnun tətbiqi məsələləri barədə geniş məruzə ilə çıxış edən qonaq, Avropa Konvensiyasının müddəalarının düzgün tətbiqi məqsədilə Azərbaycanda həyata keçirilən tədbirlərdən məmnun olduğunu qeyd etmiş, hakimləri və hakimliyə namizədləri maraqlandıran sualları cavablandırmışdır.