Avropa İttifaqı Bosniya və Herseqovinanın viza siyasətini dəyişməsini istəyir
Sarayevo, 7 sentyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Bosniya və Herseqovinadan viza siyasətini dəyişməsini və bir sıra ölkələrin vətəndaşlarına viza tətbiqini tələb edir.
AZƏRTAC xəbər verir ki, buna səbəb kimi vizasız səyahətin qeyri-qanuni miqrasiya və təhlükəsizliyə təhdid yaratdığı göstərilib. Belə ki, Aİ Bosniya və Herseqovinanın viza siyasətini ittifaqın ümumi viza siyasətinə uyğunlaşdırması çərçivəsində Rusiya, Çin, Türkiyə, Küveyt, Oman, Qətər və Bəhreyn vətəndaşlarına viza tətbiq etməsini istəyib. Bununla bağlı tələb Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin Avstriyaya səfəri zamanı gündəmə gətirilib.
“Bizdən həmin ölkə vətəndaşlarına viza tətbiq etməyimizi istədilər. Lakin mən onlara bildirdim ki, Rusiya və Türkiyə vətəndaşlarına viza tətbiqi ilə bağlı ümumi razılıq yoxdur. Çünki Bosniya və Herseqovina serbləri Rusiyaya, bosniyalılar isə Türkiyəyə viza tətbiq olunmasını istəmirlər”, - deyə nazir qeyd edib.
N.Neşiç Bosniya və Herseqovinanın Aİ ilə imzaladığı viza rejiminin liberallaşdırılmasına dair saziş çərçivəsində siyahıdakı bəzi ölkələrə mərhələli şəkildə viza tətbiq olunacağını bildirib.
Xatırladaq ki, Bosniya və Herseqovina 2010-cu ildən bəri müxtəlif ölkələrin vətəndaşları üçün viza rejiminin liberallaşdırılması siyasətini həyata keçirir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo