Avropa Komissiyası sərhəd nəzarəti mübahisəsində Avstriyaya qarşı hüquqi addımlar ata bilər
Vyana, 16 may, AZƏRTAC
Şengen zonası ölkələri arasında daxili sərhədlərdə müvəqqəti sərhəd nəzarətinin tətbiqi ilə bağlı mübahisələr Avstriyaya qarşı hüquqi addımlar yarada bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb. Bildirilib ki, mövzu ilə bağlı Avropa İttifaqının bütün üzvləri ilə formal məsləhətləşmələrə başlanılıb və dəyişikliklər istiqamətində aydın razılıq siqnalı olmayacağı halda hüquqi addımlar atılacaq.
Qeyd edilməlidir ki, Avropada 27 dövlətin daxil olduğu Şengen məkanında sərhədlərdə stasionar sərhəd nəzarəti tətbiq olunmur. Lakin 2015-ci ildə qaçqın axını zamanı Avstriya da daxil olmaqla, bir sıra ölkələr sərhəd nəzarəti tətbiq etdilər və sərhəd nəzarətinin müddəti hər altı aydan bir uzadılırdı. Bütün ölkələr artıq daxili sərhədlərdə bu nəzarəti ləğv etsələr də, Avstriya hələ də “miqrasiya təzyiqi“ni əsas gətirərək cənub qonşusu Sloveniya ilə sərhəd nəzarətini qüvvədə saxlayır. Sloveniya artıq dəfələrlə Avstriyaya bu barədə xəbərdarlıq edib və müvafiq cavab tədbirləri ilə hədələyib.
Sloveniya tərəfi 2017-ci ildən bəri sərhəd nəzarətinin qüvvədə qalması üçün heç bir əsas olmadığını və statistik göstəricilərin də belə bir nəzarətin gərəksizliyini aydın şəkildə göstərdiyini bildirir.
Avropa Komissiyasının mövqeyinə görə, daxili sərhəd nəzarətinin tətbiqi istisna hal olmalı, ciddi şəkildə vaxt məhdudiyyəti ilə reallaşmalı və ən son vasitə kimi nəzərdən keçirilməlidir. Avstriyadan sərhəd nəzarətinin mərhələli şəkildə ləğv etmək və onu polis qurumları arasında əməkdaşlığın alternativ tədbirləri ilə əvəz etməyə çağırıb. Komissiya hüquqi addımların nədən ibarət olacağına isə aydınlıq gətirməyib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana