AVROPA KOMİSSİYASININ SƏDRİ ŞEYXÜLİSLAMLA GÖRÜŞMÜŞDÜR
Ölkəmizin ruhani idarəsinin başçısı qonaqları salamlayaraq, respublikanın əsas konfessiyalarının – xristian, yəhudi icmalarının rəhbərlərini, habelə Vatikan dövlətinin apostol nunsisi K.Qucarottini, Dini-Elmi Şuranın üzvlərini təqdim etdi, Azərbaycanda dinin vəziyyəti barədə qısa məlumat verdi. O vurğuladı ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin apardığı və onun layiqli varisi Prezident İlham Əliyevin davam etdirdiyi siyasət sayəsində ölkəmizdə insan hüquqları və azadlıqları bərqərar olmuşdur. Beslanda dəhşətli terror aktı törədildikdə müsəlmanlar, xristianlar və yəhudilər öz qəti etirazını birlikdə bildirdilər, dindən siyasi məqsədlərlə istifadə etməyə çalışanları lənətlədilər.
Şeyxülislam xatırlatdı ki, Ermənistanda Dağlıq Qarabağ müharibəsinə, məscidləri, müsəlman qəbiristanlarını dağıdan separatçıların vəhşiliyinə dini don geydirirdilər. Azərbaycanın dini icmalarının rəhbərləri ilə birlikdə biz həqiqəti dünya ictimaiyyətinə çatdıraraq bildirdik ki, bu, dini müharibə deyil, özgə ərazisinə göz dikməkdir.
A.Paşazadə bu görüşün Azərbaycanın Avropa Birliyi ölkələri ilə münasibətlərinin möhkəmlənməsinə, onun Avropaya inteqrasiyasına xidmət edəcəyinə əmin olduğunu söylədi, Avropa Birliyinin qaçqınlarımıza göstərdiyi mənəvi və maddi yardıma görə minnətdarlığını bildirdi.
Bakı və Xəzəryanı bölgənin yepiskopu Aleksandr ata, Azərbaycanın dağ yəhudiləri icmasının başçısı S.İxiilov çıxışlarında nəzərə çarpdırdılar ki, başçılıq etdikləri konfessiyalar respublikamızın ərazisində bir neçə əsrdir mövcuddur və həmişə bir olublar, burada dini zəmində toqquşmalar heç zaman baş verməyibdir. Aleksandr ata dedi: “İndi Azərbaycan regionun ən tolerant ölkəsidir. Respublikanın Konstitusiyasına uyğun olaraq, bizdə bütün dinlər bərabər hüquqa malikdirlər. Bütün bunlar təkcə ölkədə aparılan siyasətin, onun rəhbərliyi tərəfindən göstərilən dəstək və anlaşmanın deyil, həm də xeyirxah, dözümlü, qonaqpərvər Azərbaycan xalqının mentalitetinin nəticəsidir”.
Vatikan dövlətinin apostol nunsisi K.Qucarotti burada Roma Papası II İoann Pavelin görüşünün gözəl təşkilinə görə minnətdarlığını bildirərək qeyd etdi ki, bu işdə şeyxülislamın və həmkarlarının – xristian və yəhudi dini rəhbərlərinin də xidməti var.
Avropa Komissiyasının sədri Romano Prodi çıxışında qeyd etdi ki, Avropa Birliyinin nümayəndəsi buraya Azərbaycanın Avropa qurumlarına inteqrasiyası prosesinin yeni mərhələsinə start vermək üçün gəlmişdir, bu, təkcə iqtisadi sahədə deyil, həm də siyasi sahədə yeni əməkdaşlığa dəvətdir, nəhayət, Avropa cəmiyyətinin açıqlığına sübutdur. Odur ki, dialoqda dinin iştirak etməsi çox vacibdir. Romano Prodi dedi: “Bilirik ki, regionda münaqişələr baş verir. Biz onların həllində sizə kömək edə bilərik. Axı, Avropa Şurasına daxil olarkən Azərbaycan da, Ermənistan da öz üzərinə müəyyən öhdəliklər götürmüşdür. Avropada münaqişələr heç də az olmamışdır, lakin biz sübuta yetirdik ki, onları dincliklə aradan qaldırmaq mümkündür”. Çıxışının sonunda R.Prodi ölkəmizdə dini dözümlülüyə görə minnətdarlığını, habelə əmin olduğunu bildirdi ki, bu birlik davam etdiriləcəkdir.
Görüşün sonunda şeyxülislam hacı Allahşükür Paşazadə qonaqlara xatirə hədiyyələri təqdim etdi.