Avropa Parlamenti Ursula Fon der Lyayenə qarşı yenidən etimadsızlıq səsverməsi keçirə bilər
Bakı, 3 dekabr, AZƏRTAC
Avropa Parlamentinin sağyönümlü Avropa Mühafizəkarları və İslahatçıları qrupunun üzvü, rumıniyalı deputat George Piperya Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenə qarşı etimadsızlıq səsverməsinin yenidən irəli sürüləcəyini istisna etməyib.
AZƏRTAC xəbər verir ki, George Piperya bu barədə özünün sosial media hesabında yazıb. “Ursula Fon der Lyayenə yeni etimadsızlıq votumu üçün iki əsas ola bilər. Onun ilk mandatı çərçivəsində fəaliyyət göstərən Avropa Komissiyasının iki yüksəkvəzifəli sabiq məmuru dələduzluğa görə həbs edilib”,- deyə rumıniyalı deputat bildirib.
Avropa Parlamentinin üzvünün göstərdiyi ikinci səbəb təzminat krediti çərçivəsində Avropa Mərkəzi Bankının Ukraynaya 140 milyard avroluq ödənişi dəstəkləməməsidir.
George Piperya iyul ayında Avropa Komissiyasının COVID-19 peyvəndinin satınalma müqavilələrinə kifayət qədər ictimai çıxış təmin etmədiyi və istehsalçıları preparatın yan təsirlərinə görə hüquqi məsuliyyətdən azad etdiyi və bununla da Avropa İttifaqının qaydalarını qismən pozduğu “PfizerGate” işi üzrə əlaqədar Ursula Fon der Lyayenə etimadsızlıq səsverməsini müzakirəyə çıxarıb. Onun iddiasına görə, sözügedən iş 2020-2021-ci illərdə klinik sınaqlar tamamlanmadan əvvəl 3 milyard dozadan çox peyvəndin tədarükü üçün imzalanmış təxminən 2,7 milyard avroluq müqavilələri əhatə edir. Müqavilələr Ursula Fon der Lyayenin şəxsi nəzarəti altında imzalanıb.
Bir müddət öncə Avropa Komissiyası və Avropa Baş Prokurorluğu Belçika polisinin və Avropa Baş Prokurorluğunun Avropa Xarici Fəaliyyət Xidmətinin baş qərargahında, Avropa Kollecində və bir neçə şəxsi evdə axtarış apardığını və bu axtarışlar zamanı üç nəfərin saxlanıldığını təsdiqləyib.