Avropa Parlamentinin məqsədi ermənilərin hüququnu qorumaq yox, siyasi ambisiyalarını həyata keçirməkdir - ŞƏRH
Bakı, 15 may, AZƏRTAC
Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısında Avropa Parlamentinin Azərbaycana dair qətnaməsini kəskin tənqid etməsi cavabsız qaldı. Avropa qurumlarının heç biri Azərbaycan Prezidentinin tənqidinə qarşı nə bəyanatla çıxış etdilər, nə də bu qurumların rəhbərləri tənqidi təkzib etdilər.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev deyib.
Onun sözlərinə görə, müasir dünyada siyasi məqsədlərin gizlədilməsinin mümkünsüz olduğunu bütün Avropa strukturları bilir.
“Hamı anlayır ki, İrəvanda toplantı keçirmək və yüksək bəyanatlar vermək təsadüfi xarakter daşımır. Geosiyasi mübarizələr fonunda Avropa Parlamentinin bir sıra deputatı korporativ maraq güdənlərdir. Əslində onları erməni xalqının taleyi qətiyyən düşündürmür. Əsas məsələ siyasi ambisiyalarını həyata keçməsidir. Azərbaycan Prezidentinin tənqidini təkzib etməyə özlərində cəsarət tapmamaları isə səbəbsiz deyil. Bu gün işğala məruz qalan Ukrayna bütün Avropa qurumları tərəfindən müdafiə olunur. Lakin nədənsə Azərbaycan işğala məruz qalması heç bir Avropa qurumu tərəfindən müdafiə edilmədi və nəticədə Azərbaycan 20 faiz ərazisini itirdi. Bu gün isə Azərbaycan öz suverenliyini bərpa edib və birdən-birə Avropa Parlamentinin yadına ermənilərin hüquqları düşüb. Bu faktın aşkarlanmasının və ikili standart siyasətinin ifşasının qarşısını almaq məqsədilə Avropa parlamenti tənqidə səssiz qaldı. Çünki tənqid çox haqlı idi və bunu onlar da başa düşürdülər”, - deyə rektor qeyd edib.
Bu qətnamənin Avropa Parlamentinin əsl mahiyyətini ortaya qoyduğunu deyən rektor korrupsiya və rüşvətxorluğun Avropa Parlamentində dərin kök saldığını göstərən çoxsaylı faktların aşkar edilməsini bu mənfi tendensiyanın həmin qurumun gündəlik fəaliyyətinin mərkəzində dayandığını sübut etdiyini sözlərinə əlavə edib: “Müxtəlif maraq dairələrinə ödənişli xidmətlər göstərən Avropa Parlamentinin qətnamələri də, bir qayda olaraq əldə edilən maddi mənfəətin əvəzi rolunu oynayır. Təəssüf doğuran digər məqam budur ki, Avropa Parlamenti İslamofob və türkofob meyillərin aşkar ifadə olunduğu platformaya çevrilib. İslam və Türk dünyasının ayrılmaz parçası olan Azərbaycana qarşı bu cür qərəzli hücumlar Avropada eyni tendensiyaları idarə edən müəyyən qrupların əlavə siyasi dividend qazanmaq niyyətini açıq büruzə verir. Avropa Parlamentinin bu qətnaməsinin geniş miqyaslı bir planın tərkib hissəsi olduğu da şübhəsizdir. Lakin bu kimi bəyanatlar Azərbaycanın siyasi iradəsini sındıra bilməz. Məsələ müasir dünyada gücün üstün olmasıdır ki, Azərbaycan da iqtisadi və siyasi baxımdan 90-cı illərdən fərqli olaraq kifayət qədər güclənib. Qarabağın azad edilməsi Azərbaycanın gücünü dünyaya göstərdi”.