AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ 2005-Cİ İL QIŞ SESSİYASI GÜNDƏLİYİNİN LAYİHƏSİ TƏSDİQ EDİLMİŞDİR
Avropa Şurasının Azərbaycanda İnformasiya Ofisindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 24-28-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası Fransanın Strasburq şəhərində işə başlayacaqdır.
Sessiyanın birinci günü AŞPA-nın prezidentinin və vitse-prezidentlərinin seçilməsi, komitə üzvlərinin təyin edilməsi, Ukrayna və Fələstində keçirilən prezident seçkiləri ilə bağlı hesabat, ATƏT-in Parlament Assambleyasının prezidenti Alsi L. Hastinqsinin bəyanatı, Avropa Şurasının baş katibi Terri Devisin bəyanatı, Ətraf mühit, Kənd Təsərrüfatı, Yerli və Regional Məsələlər üzrə Komitənin genetik cəhətdən dəyişdirilmiş orqanizmlərlə bağlı hesabatı müzakirə olunacaqdır.
Yanvarın 25-də ATƏT-in Minsk qrupu tərəfindən araşdırılan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Siyasi Məsələlər üzrə Komitənin məruzəçisi Devid Atkinsonun hazırladığı hesabat dinləniləcəkdir. Hesabatın müzakirəsindən sonra parlamentarilər Qətnamə və Tövsiyə layihələri ilə bağlı səs verəcəklər. Hesabata düzəlişlər edilməsi bazar ertəsi, yanvarın 24-ü saat 16.00-da başa çatacaqdır.
Kosovoda insan hüquqlarının müdafiəsi ilə bağlı Hüquq və İnsan Haqları Məsələləri üzrə Komitənin məruzəçisi Toni Lioyd tərəfindən hazırlanan hesabat, eləcə də həmin komitənin məruzəçisi xanım Sabin Leytezer-Şarenbergerin “Yukos”un aparıcı rəhbərlərinin həbsi və istintaqı ətrafında cərəyan edən məsələlərə dair hesabatı dinləniləcəkdir.
Yanvarın 26-da AŞPA-da Serbiya və Çernoqoriyadan Avropa İnsan Hüquqları Məhkəməsinə hakimin seçilməsi, Yaxın Şərqdə sülh perspektivlərinin təcili prosedur altında müzakirəsi, Polşanın xarici işlər naziri, Nazirlər Komitəsinin sədri Adam Daniel Rotfeldin çıxışı nəzərdə tutulmuşdur. Sonra Avropa Şurasının 3-cü zirvə toplantısı və Gürcüstanın götürdüyü öhdəlikələrin yerinə yetirilməsi məsələləri diqqət mərkəzində olacaqdır.
Avropa və Sunami fəlakəti, eləcə də Avropa və ABŞ arasındakı münasibətlər yanvarın 27-də müzakirəyə çıxarılacaqdır. Həmin gün parlamentarilər Avropa Məcburi Əhali Köçürülmələri və Etnik Təmizləmələrin Qurbanları Mərkəzinin yaradılması məsələsini, çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi, cinayət yolu ilə əldə olunan gəlirlərin axtarılması və müsadirə edilməsi, həmçinin terrorizmin qarşısının alınması üzrə Konvensiya Layihəsini müzakirə edəcəklər.
Sessiyasının sonuncu günü Avropada işsizlik məsələsi və Avropa Şurasının insan alveri ilə bağlı Konvensiya Layihəsi də nəzərdən keçiriləcəkdir.