AVROPA ŞURASINDA AZƏRBAYCANIN NÜFUZU GETDİKCƏ ARTIR
Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvü Bəxtiyar Əliyev iclas barədə AZƏRTAC-ın müxbirinə demişdir:
- Azərbaycan üzrə həmməruzəçilər Andreas Qross və Andres Herkel məruzədə son zamanlar ölkəmizdə nəzərəçarpan böyük işlər görüldüyünü və mühüm dəyişikliklər baş verdiyini qeyd etdilər. Onlar Prezident İlham Əliyevlə görüşləri barədə komitə üzvlərinə ətraflı məlumat verərək bildirdilər ki, o, geniş islahatlara başlamışdır və bunların müsbət nəticələri bütün sahələrdə özünü büruzə verməkdədir. Azərbaycan Prezidentinin məqsədyönlü fəaliyyəti həm məruzədə, həm də qətnamə layihəsində müsbət hal kimi öz əksini tapmışdır.
Onlar eyni zamanda, qondarma “siyasi məhbus” probleminin həlli ilə bağlı müsbət fikirlər söylədilər və problemin artıq həll edildiyini bildirdilər. Həmməruzəçilərdən A.Qross məruzəni hazırladıqları vaxt ölkə Prezidentinin növbəti əfv Fərmanı ilə çoxlu sayda məhbusun azadlığa buraxıldığını və onların arasında vaxtilə Avropa Şurasına təqdim edilmiş siyahıdakı adların olduğunu xüsusi vurğuladı. Çıxış edən komitə üzvləri də ölkəmizin ünvanına xoş sözlər söylədilər və gedən prosesləri yüksək qiymətləndirdilər.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Asim Mollazadə də çıxış edərək, qətnamə layihəsinə müəyyən düzəlişlər verdilər. Bu düzəlişlər həmməruzəçilər və komitə üzvləri tərəfindən qəbul olundu.
Komitənin üzvü kimi mən guya qaçqın və məcburi köçkünlərin ağır şəraitindən siyasi məqsədlər üçün istifadə edildiyi barədə bəzi qara qüvvələrin səsləndirdikləri fikirlərə aydınlıq gətirərək, 1 milyondan artıq qaçqın-köçkün soydaşımıza ölkə Prezidentinin göstərdiyi qayğıdan, onların həyat şəraitini yaxşılaşdırmaq istiqamətində görülən işlərdən ətraflı söhbət açdım.
Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü kimi mən vaxtilə dövlət çevirilişi cəhdində təqsirkar bilinərək həbs olunmuş omonçuların əfv edildiyini və artıq azad olunduqlarını da bildirdim.
İclasda korrupsiya ilə bağlı məsələyə də toxunuldu. Mən bununla bağlı açıqlama verdim ki, Azərbaycan AŞ-nin iki konvensiyasını ratifikasiya etmiş, ölkə Prezidentinin Fərmanına əsasən korrupsiyaya qarşı mübarizə məqsədi ilə xüsusi komissiya yaradılmış, parlamentdə bu barədə qanun qəbul olunmuşdur.
Ermənistanın götürdüyü öhdəlikləri yerinə yetirməsi barədə məruzədə Dağlıq Qarabağ problemi də öz əksini tapmışdır. Həmməruzəçilər belə bir fikri səsləndirdilər ki, onlar da Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş 7 rayonun qeyd-şərtsiz dərhal azad olunması barədə Azərbaycan üzrə məruzədə öz əksini tapmış fikri tamamilə dəstəkləyirlər.
Qətnamə layihəsinin müzakirəsi zamanı azərbaycanlı deputatlar məruzədə Dağlıq Qarabağın “respublika” kimi təqdim olunmasına qəti etirazlarını bildirdilər. Bu etiraz qəbul olundu və “respublika” sözü “vilayət” sözü ilə əvəz edildi. Deputatlarımız daha bir neçə düzəlişlərin edilməsinə nail oldular.
Ümumiyyətlə, Monitorinq komitəsində Azərbaycanın maraqlarına uyğun mövqe nümayiş etdirildi. Bu isə ölkəmizin Avropa Şurasında imicinin, nüfuzunun getdikcə artdığını bir daha göstərir və Azərbaycan diplomatiyasının uğurlarından xəbər verir.