AVROPA ŞURASINDA AZƏRBAYCANIN NÜFUZU GETDİKCƏ ARTIR
Müzakirələrin əsas mövzularından biri Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edirdi. Avropa Şurası çərçivəsində əsas statuslardan biri məruzəçi olmaqdır. Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun payız sessiyasında açıq müzakirəyə çxarılacaq “Avropa jurnalistika universiteti” adlı məruzə hazırlamışdır. Bu məruzə R.Hüseynovun keçən il hazırladığı tövsiyə üçün qətnamə əsasında büro tərəfindən müzakirə edilərək, AŞPA-nın gündəliyinə salınmışdır. Komitənin indiki iclasında məruzənin nəşr edilmiş ilkin variantının təqdimatı olmuşdur.
Məruzə rəsmi olaraq “Jurnalistika təhsilinin və təcrübəsinin Avropa meyarları” adlanır. R.Hüseynov iclasda çıxış edərək, məruzənin əsas müddəalarını, Avropada bütövlükdə təhsilin və konkret olaraq jurnalistika təhsilinin inkişafı ilə bağlı fikirlərini açıqlamışdır.
Avropa Şurası jurnalistikaya, jurnalistlərin hüquqlarına, mətbuat azadlığına özünün prioritet istiqamətlərindən biri kimi baxır. Bu istiqamətdə çoxlu sənədlər hazırlanmışdır. Azərbaycanlı deputatın məruzəsində Avropa Şurasının bu istiqamətdə indiyə qədər gördüyü işlər geniş təhlil edilərək, qurumun XXI əsrdə bu sahəyə daha hansı töhfələr verə biləcəyi barədə təkliflər irəli sürülmüşdür.
Məruzədə vurğulanan əsas məqamlardan biri budur ki, Avropanın yeni jurnalistikası müstəqillik əldə etmiş, sosialist rejimindən çıxmış ölkələrin jurnalistikası ilə zənginləşmişdir. Həmin ölkələrdə jurnalistika həyatı fəal inkişaf edir, mətbuat sürətlə irəliləyir. Lakin bu ölkələrdə jurnalistlərin, bütövlükdə jurnalistika peşəkarlığının inkişafına, dünya təcrübəsinin mənimsənilməsinə ciddi ehtiyac vardır. Ona görə də, məruzədə Avropada jurnalistikanın gələcəkdə daha mükəmməl inkişafı üçün Strasburqda jurnalistika universitetinin yaradılması ideyası irəli sürülür. Təklif olunan variantlardan biri kimi Avropa ölkələrində nəşr edilən jurnalistika dərsliklərinin ümumavropa jurnalistika dərsliklərinə çevrilməsi məqsədəuyğun sayılır. Çünki ümumavropa jurnalistika dərsliklərindən, müntəxəbatlarından öyrənən jurnalistika ümumi meyarlar əsasında fəaliyyət göstərəcəkdir. Digər tərəfdən, məruzədə Avropanın müxtəlif ölkələrində, xüsusilə, yeni müstəqillik qazanmış ölkələrdə həm qəzet-jurnal, həm də radio-televiziya jurnalistikasının inkişafı üçün Strasburqda mütəmadi treninqlərin keçirilməsi, Avropanın tanınmış siyasətçilərinin və jurnalistlərinin gənclər üçün xüsusi kurslar, ustad dərsləri keçməsi, məruzələr etməsi təklif olunur.
R.Hüseynovun məruzədə irəli sürdüyü təkliflər, ideyalar iclasda geniş müzakirələr doğurmuş, bir sıra yeni təkliflərin üzə çıxmasına səbəb olmuş və məruzə rəğbətlə qarşılanmışdır.
Əlamətdar haldır ki, Avropa Şurasının üzvü olan gənc Azərbaycan dövlətinin təmsilçiləri artıq qurumun fəaliyyətinin daha da genişlənməsi, Avropada təhsilin gələcək inkişafı ilə bağlı ideyalar irəli sürür, yeni modellər təklif edirlər. Bu, Azərbaycanın Avropada, Avropa Şurasında getdikcə artan nüfuzundan, yüksələn imicindən xəbər verir.