AVROPA ŞURASININ EKSPERTLƏRİ “İCTİMAİ TELEVİZİYA VƏ RADİO YAYIMI HAQQINDA” QANUNDAN RAZIDIRLAR
AZƏRTAC xəbər verir ki, görüşdə “İctimai televiziya və radio yayımı haqqında” qanun layihəsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Layihə ilə bağlı işçi qrupunun rəhbəri Rizvan Cəbiyev demişdir ki, ölkə ictimaiyyəti Azərbaycanda demokratiyanın inkişafında mühüm rol oynayacaq ictimai televiziya və radioya xüsusi diqqət yetirir. Rəhbərlik etdiyi işçi qrupu məsələnin ciddiliyini nəzərə alaraq layihə üzərində xeyli iş aparmış, 20-dən çox ölkənin müvafiq qanunları diqqətlə öyrənilmiş və sənəd daha da təkmilləşdirilmişdir. Avropa Şurasının ekspertlərinin irəli sürdükləri təkliflərin demək olar ki, hamısı nəzərə alınmışdır. Ekspertlərin bəzi təklifləri Avropa Şurasının özünün prinsiplərinə zidd olduğu üçün onların da üzərində düzəlişlər edilmişdir.
Avropa Şurasının eksperti Pol Torhalson demişdir ki, təmsil olunduğu qurumun layihə ilə bağlı verdiyi təkliflərin nəzərə alınması müsbət haldır və təşkilat bunu yüksək qiymətləndirir.
Verner Rumforst isə demişdir ki, onların qanun layihəsinə artıq heç bir ciddi iradları yoxdur. Amma qanunun qəbulu hələ işin hamısı deyildir. Bəzi ölkələr belə qanunlar qəbul etsələr də onun icrasına başlamırlar. Avropa Şurası istəyir ki, Azərbaycanda bu qanun qəbul olunduqdan sonra onun icrasına başlanılsın. Bu məsələnin həllini tapması üçün Avropa Şurası Azərbaycana hər cür kömək göstərməyə hazırdır.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov iştirak etmişlər.