Avstraliya hökuməti koronavirus pandemiyasına görə tətbiq olunan məhdudiyyətləri aradan qaldırır
Tokio, 12 iyun, AZƏRTAC
Avstraliya hökuməti koronavirus pandemiyasına görə martdan tətbiq olunan məhdudiyyətlərin mərhələlərlə aradan qaldırılmasını davam etdirir.
AZƏRTAC xəbər verir ki, Baş Nazir Skott Morrison iyunun 13-dən başlayaraq ictimai tədbirlərdə iştirakçıların sayına görə tətbiq olunan limitin artırılacağını və bir sıra idman obyektlərinin fəaliyyətini bərpa edəcəyini bəyan edib.
Nazirlər Kabinetinin son iclasının nəticələri barədə məlumat verən Baş Nazir deyib: “İctimai tədbirlər üçün qoyulan 100 nəfər məhdudiyyəti götürülərək, “bir nəfər üçün 4 kvadratmetr” qaydasına əməl olunmaq şərti ilə onların təşkilinə icazə veriləcək. Həmçinin 40 mindən az yeri olan stadionlar 25 faiz tamaşaçının buraxılması şərti ilə açılacaq. Bu, hökumətin məhdudiyyətlərin qaldırılması ilə bağlı planının üçüncü hissəsi olacaq”.
Baş Nazir, həmçinin bildirib ki, əcnəbi tələbələrin ölkəyə qayıtmasına da icazə veriləcək. Eksperiment şəklində keçiriləcək həmin tədbir zamanı tələbələr yalnız sərhədlərini açan ştatlara buraxılacaqlar.
Xatırladaq ki, Avstraliya hökuməti mayın 11-dən məhdudiyyətlərin aradan qaldırılmasına başlayıb.
Qeyd edək ki, son məlumatlara görə, Avstraliyada koronavirusa 7 min 391 nəfər yoluxub. Onlardan 6 min 761 nəfərin sağaldığı, 102 nəfərin isə həyatını itirdiyi bildirilir. Son sutka ərzində virus yalnız 8 nəfərdə aşkar edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio