Avstraliya parlamentarisi Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməyə çağırıb
Kanberra, 13 noyabr, AZƏRTAC
Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Lyuk Simpkins noyabrın 12-də parlamentdə çıxışı zamanı bildirib ki, Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan ərazilərini tərk etməlidir. Bu barədə Azərbaycanın Avstraliyadakı səfirliyi məlumat yayıb.
L.Simpkins deyib ki, 1992-1993-cü illərdə Ermənistan qanunsuz olaraq Azərbaycan ərazisinin bir hissəsini işğal edib. Bu əraziyə Dağlıq Qarabağ regionu və ətraf yeddi rayon daxildir. Rəsmi Yerevanın təcavüzkar siyasəti nəticəsində 350 mindən çox etnik azərbaycanlı Ermənistandan qovulub. Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal etməsi nəticəsində 750 mindən artıq azərbaycanlı məcburi köçkünə çevrilib. Bir milyondan çox azərbaycanlı 20 ildən artıqdır ki, öz torpaqlarından, əmlaklarından və əcdadlarının məzarlarından ayrı düşüb.
Deputat bildirib ki, BMT bu faktları işğal kimi tanıyıb və Ermənistanın yaratmaq istədiyi qondarma qurumu qəbul etmir. BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistanın işğalçılıq siyasəti ilə bağlı 4 qətnamə qəbul olunub. Mühüm məqam ondan ibarətdir ki, Avstraliya da qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır.
Deputat deyib: “Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərə dair mövqeyimizi nəzərə alaraq, Ermənistanın üç dinc azərbaycanlıya qarşı rəftarına parlamentin diqqətini cəlb etmək istərdim. 2014-cü ilin iyulunda üç azərbaycanlı öz doğma torpaqlarını, işğal olunmuş əraziləri ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Onlar Kəlbəcər rayonundan Dilqəm Əsgərov, Tərtər rayonundan Şahbaz Quliyev və Cəbrayıl rayonundan Həsən Həsənovdur. Həsən Həsənov öldürülüb”.
L.Simpkins əlavə edib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi girovların azad edilməsi ilə bağlı danışıqlar aparsa da, bu, uğurlu alınmayıb. Dilqəm Əsgərovun və Şahbaz Quliyevin dəqiq yeri və sağlamlıq vəziyyəti məlum deyil. Erməni mənbələrinin müxtəlif hesabatlarında bir çox uyğunsuzluqlar var. D.Əsgərovun və Ş.Quliyevin “təxribatçı qrupun üzvləri olmasına görə” mühakimə edilməsi düzgün deyil.
Deputat onu da bildirib ki, Avstraliya xarici işlər nazirindən bu məsələni Ermənistan qarşısında qaldırmağı xahiş edəcək: “Şübhəsiz ki, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalı və Ermənistan D.Əsgərovu və Ş.Quliyevi azadlığa buraxmalıdır”.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra