Avstraliyalı gimnast: Bakıda çıxış etmək mənim üçün qürurvericidir
Bakı, 23 aprel, AZƏRTAC
Bakıda Milli Gimnastika Arenasında təşkil olunan yarışlarda çıxış etmək mənim üçün qürurvericidir.
Bunu Bakıda keçirilən bədii gimnastika üzrə FIG dünya kubokunun iştirakçısı avstraliyalı Aleksandra Kiroy-Boqatırova AZƏRTAC-a açıqlamasında bildirib.
“Beş aya yaxındır ki, Bakıda təlim-məşq toplanışındayam və bura mənim üçün ikinci vətəndir”, - deyən idmançı qeyd edib: “Burada keçirilən təlim-məşq toplanışı zamanı yerli məşqçilər mənim üçün məşq prosesinə artistlik elementləri də əlavə edərək tamaşa hazırlayıblar. Keçən həftə Daşkənddə keçirilən dünya kubokunda iştirak etdim, bu il ilk dünya kuboku turnirim oldu. Daşkənddəki çıxışı nəzərə alaraq Bakıda keçiriləcək yarışlara hazırlaşırdıq. Milli Gimnastika Arenasında məşqləri və çıxış etməyi çox sevirəm. Azərbaycanlı məşqçilər əladır, burada uğur qazanmaq üçün hər cür şərait yaradılıb”.
Qeyd edək ki, ötən gün start verilən dünya kuboku turniri Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışdır. Aprelin 22-dək davam edəcək turnirdə 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir. Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edir.
Gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparırlar. Ənənəyə uyğun olaraq, bu turnirdə də ən çox icra xalını yığan gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” də təqdim olunacaq.