Avstriya yığması ilə altıncı duel: Azərbaycan millisi ilk qələbəsini qazana biləcəkmi?
Bakı, 16 oktyabr, AZƏRTAC
Bu gün AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan - Avstriya oyunu iki komanda arasında sayca altıncı duel olacaq.
AZƏRTAC xəbər verir ki, əvvəlki beş qarşılaşmanın hər biri seçmə mərhələyə təsadüf edib. Bu matçların dördündə avstriyalılar qələbə qazanıblar, birində isə qolsuz heç-heçə qeydə alınıb. Topların nisbətində də Avstriya seçməsinin aşkar üstünlüyü var - 13:2.
Milli komandalar ilk dəfə 2004-cü ildə Vyanada üz-üzə gəliblər. 2006-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində baş tutan görüş rəqibin 2:0 hesablı üstünlüyü ilə başa çatıb. Qolları Martin Ştrantsl və Roland Kolmann vurublar. 2005-ci ildə Bakıda keçirilmiş oyunda isə qalib müəyyənləşməyib. Azərbaycan millisi Avstriyadan yeganə xalı məhz həmin qarşılaşmada alıb.
Komandaların növbəti dueli AVRO-2012-nin seçmə mərhələsində baş tutub. Avstriya paytaxtında keçirilmiş matçda meydan sahibləri 3:0 hesablı qələbə qazanıblar. Rəqib komandanın heyətində Sebastian Prödl və Marko Arnautoviç (2) fərqləniblər. 2011-ci ildə Bakıda keçirilmiş matçda isə Azərbaycan millisi 1:4 hesabı ilə uduzub. Yığmanın yeganə qoluna 74-cü dəqiqə Vüqar Nadirov imza atıb. Qonaqlardan isə Andreas İvanşits, Mark Yanko (2) və Zlatko Yunuzoviç adlarını tabloya yazdırıblar.
Azərbaycan və Avstriya kollektivləri arasında son matç bu martın 24-də Lints şəhərində oynanılıb. AVRO-2024-ün seçmə mərhələsinə təsadüf edən və hələlik sonuncu olan qarşılaşma da avstriyalıların xeyrinə başa çatıb - 4:1. Marsel Zabitserin dubl etdiyi görüşdə digər qolları Mixael Qreqoriç və Kristof Baumqartner vurublar. Azərbaycan millisinin heyətində isə kapitan Emin Mahmudov fərqlənib.
Azərbaycan - Avstriya oyunları
DÇ-2006, seçmə mərhələ
08.09.2004
Avstriya - Azərbaycan - 2:0
07.08.2005
Azərbaycan - Avstriya - 0:0
AVRO-2012, seçmə mərhələ
08.10.2010
Avstriya - Azərbaycan - 3:0
07.11.2011
Azərbaycan - Avstriya - 1:4
AVRO-2024
24.03.2023
Avstriya - Azərbaycan - 4:1
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Avstriya oyunu saat 20:00-da başlayacaq.