Avstriyada “İbiza videoları” ilə bağlı parlament dinləmələri hakim partiyanı çətin vəziyyətə salıb
Vyana, 17 iyun, AZƏRTAC
Avstriyanın siyasi tarixində ən böyük qalmaqallardan biri olan “İbiza videoları” ilə bağlı parlament dinləmələri ölkənin siyasi gündəmində müzakirələrə yol açan bir sıra sensasiyalı yeniliklərlə yadda qalır.
AZƏRTAC xəbər verir ki, iyunun əvvəlində Avstriya parlamentində iclaslarına başlayan xüsusi komissiya ötən ilin may ayında ölkənin siyasi gündəmində partlayışa səbəb olan vitse-kansler Haynts-Kristian Ştraxenin istefası və mühafizəkarla sağçı-radikalların koalisiyalı hökumətinin dağılmasına səbəb olan videomaterialları araşdırır. Bu araşdırma çərçivəsində Haynts-Kristian Ştraxe və onun rəhbərlik etdiyi Avstriya Azadlıq Partiyasının (FPÖ) yüksək ranqlı funksionerlərinin hökumətdə təmsil olunmazdan əvvəl və hakimiyyətdə olarkən korrupsiyaya uğramaları, böyük konsernlərə pul müqabilində dövlət sifarişlərində imtiyazlı mövqe yaratmaları və digər qanunazidd əməllərə aydınlıq gətirilməlidir.
Komissiyanın işində ən maraqlı məqamlardan biri yeddi saatlıq videomaterialın təqdimatı ilə bağlı olub. Daxili İşlər naziri Karl Nehammer ifadəsində bu videomaterialın onun tabeliyində olan Federal Kriminal İdarə tərəfindən deyil, Ədliyyə Nazirliyinin tərkibində olan Vyana Prokurorluğu tərəfindən komissiyaya təqdim edilməli olduğunu bildirib. Ədliyyə naziri Alma Zadiç isə ifadəsində videomaterialın kriminalistlər tərəfindən prokurorluq orqanlarına təqdim edilməsindən yalnız media vasitəsilə xəbər tutduğunu bildirib. Beləliklə, videomaterialın komissiyaya gecikdirilmiş təqdimatı onun mahiyyətinin araşdırılmasını ləngidib. Müxalifət partiyaları hesab edirlər ki, bu ləngimə həmin materiallarda hakim partiya və onun rəhbərinə qarşı istifadə edilə biləcək məqamların ”təmizlənməsi” ilə əlaqədardır. Eyni zamanda, komissiyaya təqdim olunmuş aktlarda keçmiş vitse-kansler Haynts-Xristian Ştraxenin bütün SMS-ləri əksini tapsa da, Federal Kansler Sebastian Kurtsun telefonundan heç bir məlumat aktlara daxil edilməyib.
Videomaterialın əldə olunması ilə bağlı mübahisələr gedən zaman isə komissiyanın rəhbəri və Avstriya Parlamentin Sədri Volfqanq Sobotka həmin videoları gizli şəkildə çəkmiş qrupun vəkili tərəfindən bütün videomaterialı təqdim etmək barədə təklifini rədd edib. O, bu addımı komissiyanın yalnız dövlət qurumları tərəfindən təqdim edilən sübut və dəlillər əsasında işini apardığını, manipulyasiya edilmə ehtimalı altında olan materialların işə əngəl törədəcəyi ilə əsaslandırıb. Avstriya Parlamentində təmsil olunan müxalifət partiyaları isə sədri həqiqətin ortaya çıxmasında maraqlı olmamaqda və bu prosesdə tərəf kimi iştirakda tənqid ediblər.
Xüsusi komissiyanın iclaslarında və verilən ifadələrdə FPÖ ilə yanaşı, hazırda hakimiyyətdə olan Avstriya Xalq Partiyasının (ÖVP) adı bir sıra proseslərdə hallanmağa başlayıb. Belə ki, bəxt oyunları avtomatlarının dünyada ən böyük istehsalçısı olan Avstriyanın “Novomatik“ şirkətlər qrupunun rəhbərliyi ilə əlaqələr diqqət çəkir. Konsern hakimiyyətdə olan ÖVP və FPÖ partiyalarına yaxın cəmiyyət, təşkilat və fondlara milyonlarla avro həcmində ianələr ödəməkdə və bunun əvəzində kazino lisenziyaları əldə etməkdə şübhəli bilinir.
Komissiyanın iclaslarında “kazino qalmaqalı” adı ilə tanınan və “Novomatik” konserni ilə əlaqələrin araşdırılmasında təhqiqatçıların bir sıra dəlilləri oxunmaz dərəcədə skan etməsi, kompüterləri müsadirə etməməsi və bir sıra sənədləri “itirməsi“ faktları da müəyyən edilib. Komissiyanın tərkibindəki müxalifət partiyalarının təmsilçiləri hesab edirlər ki, bu yolla da hakim ÖVP-ə qarşı konkret dəlillərin üstü ört-basdır edilib və ya onlar manipulyasiya olunublar.
Maraqlı məqamlardan biri isə ondan ibarət olub ki, keçmiş “Novomatik” rəhbəri Harald Noymann komissiya qarşısında ifadə verərkən, komissiya sədri Volfqanq Sobotka iclas zalını tərk edib. V.Sobotkanın sədri olduğu QHT-lərdən biri “Novomatik”dən ianələr aldığını nəzərə alaraq, onun bu addımı mətbuatın diqqətindən yayınmayıb.
İstənilən halda komissiyanın işi ölkə hakimiyyətini yaxın müddətdə gərgin vəziyyətdə saxlamaqda davam edəcəkdir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana