Avstriyada koronavirusa qarşı peyvənd hamı üçün icbari olacaq
Vyana, 19 noyabr, AZƏRTAC
Avstriyada əhalinin əhəmiyyətli bir hissəsinin koronavirusa qarşı vaksinasiya kampaniyasında iştirak etməməsi ölkədə virusa yoluxma hallarının sayını rekord səviyyəyə çatdırıb.
AZƏRTAC xəbər verir ki, əhalinin vaksinasiyaya cəlb edilməsi üçün radikal qərar vermək məcburiyyətində qalıb və 2022-ci il fevralın 1-dən etibarən bütün əhalinin koronavirusa qarşı icbari peyvənd olunacağını elan edib. Federal Kansler Aleksander Şallenberq bildirib ki, uzun müddət ölkədəki ümumi fikir peyvənd öhdəliyinə ehtiyac olmaması ətrafında cərəyan edib və lazım olduğundan uzun müddət ərzində hesab edilib ki, öhdəlik olmadan əhalini vaksinasiyaya cəlb etmək mümkün olacaq. Lakin indi reallığın gözünə dik baxmağın vaxtı gəlib çatıb və arzu olunan peyvənd kvotasına nail olmaq üçün ciddi tədbirlər görülməlidir. Qeyd edilib ki, peyvənd olunmaqdan boyun qaçıranlara qarşı inzibati cəzaların tətbiq edilməsi nəzərdə tutulacaq.
Səhiyyə naziri Volfqanq Mükştayn bildirib ki, hökumət sosial tərəfdaşlar və hüquqşünaslarla danışıqlar aparıb və nəticədə ümumi peyvənd öhdəliyinin mümkünlüyü barədə ortaq məxrəc əldə olunub. Peyvəndin icbari olması əhali arasında hökumətə rəğbəti artırmasa da, səhiyyə sistemində yaranmış vəziyyət bu addımı qaçılmaz edir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana