AVSTRİYADA PARLAMENT SEÇKİLƏRİNDƏ 10 SİYASİ PARTİYA MÜBARİZƏ APARACAQDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 28-də Avstriyada keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak üçün qeydiyyat mərhələsi avqustun 22-də sona çatmışdır.
Proporsional qaydada keçirilən seçkilərdə parlamentdə təmsil olunan beş partiya (Avstriya Sosial-Demokratlar Partiyası, Avstriya Xalq Partiyası, Yaşıllar Partiyası, Avstriya Azadlıq Partiyası və Avstriya naminə İttifaq) və ölkə üzrə tələb olunan 2.600 imza toplamış daha beş siyasi qüvvə (Avstriya Vətəndaş Forumu - Frits Dinkhauzer siyahısı, Xristianlar, Avstriya Kommunist Partiyası, Liberal Forum və “Avstriyanı xilas edin!” Müstəqil Vətəndaş Təşəbbüsü) mübarizə aparacaqdır.183 mandatdan ibarət parlamentdə təmsil olunmaq üçün hər bir partiya seçkilərdə minimum 4 faiz səs toplamalıdır.
Xatırladaq ki, Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) və Avstriya Xalq Partiyasının (ÖVP) birgə təşkil etdiyi “böyük koalisiya” bu ilin iyulunda fəaliyyətini dayandırdığını elan etmiş və ölkədə növbədənkənar parlament seçkiləri keçirilməsi qərara alınmışdır.
Hər iki partiyanın koalisiyada olduğu 18 ay müddətində hökumətdaxili çəkişmələrin səngiməməsi və düşərgələr arasında prinsipial fikir ayrılığı koalisiyanın dağılmasına səbəb olmuşdur. Bu, hər iki partiyanın nüfuzuna ciddi zərbə vurmuş və aparılan ilkin rəy sorğularının nəticələrinə görə, kiçik müxalifət partiyaları və ilk dəfə mübarizəyə qoşulan digər siyasi qruplar növbəti seçkilərdə üstün şanslara malik ola biləcəklər.