Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarına mükafatlar təqdim olunub
Bakı, 10 mart, AZƏRTAC
Azərbaycan Prezidentinin sərəncamları ilə "Əməkdar mühəndis” fəxri adı alan və "Tərəqqi” medalına layiq görülən Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarına mükafatların təqdim olunması mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.
Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov təltif olunan əməkdaşları təbrik edərək, son illər yol infrastrukturu sektorunun yeni inkişaf dövrünə qədəm qoyduğunu, əhalinin gediş-gəlişinin, yük və sərnişin daşımasının yaxşılaşdırılmasına hesablanmış infrastruktur layihələrinin icrasında avtomobil yolları işçilərinin böyük xidmətləri olduğunu vurğulayıb.
S.Məmmədov qeyd edib ki, hər il peşə bayramı ərəfəsində bir qrup yol təsərrüfatı işçisi fəxri adlar və medallarla təltif olunur. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin fevralın 21-də imzaladığı sərəncamlarla Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə Dövlət Agentliyinin 1 əməkdaşı "Əməkdar mühəndis” fəxri adına layiq görülüb, 19 əməkdaşı isə "Tərəqqi” medalı ilə təltif olunub. İdarə heyətinin sədri əminliklə bildirib ki, yol təsərrüfatı işçiləri avtomobil yolları şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm və məqsədyönlü tədbirlərin həyata keçirilməsində bundan sonra da fəal iştirak edərək, onlara göstərilən etimadı doğruldacaqlar.
Tədbir yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə təltif olunmuş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarına "Əməkdar mühəndis” fəxri adının vəsiqəsinin və "Tərəqqi” medallarının təqdim edilməsi ilə yekunlaşıb.