Ayaz Mirzəyev: Ermənistanın hərbi təxribatları regionda sabitlik üçün təhdiddir
Bakı, 21 sentyabr, Səadət Hakıyeva, AZƏRTAC
Ermənistanın yeni hərbi təxribatları, ilk növbədə, danışıqlar prosesini pozmaq və bölgədə status-kvonu saxlamaq niyyətinə hesablanıb. Təbii ki, mövcud tendensiya Azərbaycana vəziyyətə adekvat tədbirlər görmək üçün tam əsas yaradır. Çünki rəsmi Bakı hər zaman qətiyyətlə bəyan edib ki, imitasiya naminə danışıqlar aparılması və onun formatının dəyişdirilməsi birmənalı şəkildə yolverilməzdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev bildirib.
QHT sədri Ermənistan rəhbərliyinin son vaxtlar verdiyi ziddiyyətli açıqlamaların sual doğurduğunu qeyd edib. Rəsmi İrəvanın bu məntiqsiz addımlarının müəyyən məqsədlərə xidmət etdiyini söyləyən A.Mirzəyev deyib: “Bunun birmənalı cavabı odur ki, Ermənistan regionda sabitliyin bərqərar olmasını istəmir və Azərbaycan-Türkiyə əməkdaşlığının daha da möhkəmlənməsindən ehtiyatlanır. Uzun illərdir ki, qardaş ölkə Türkiyəyə qarşı qondarma “soyqırımı” kartından istifadə edən rəsmi İrəvan indi də Türkiyəyə qarşı ərazi iddiası irəli sürür. Hətta indi Sevr müqaviləsini gündəmə gətirmək niyyətindədir”.
Rəsmi İrəvanın bu cəhdlərinin gülüş doğurduğunu vurğulayan QHT sədri, eyni zamanda, bildirib ki, Ermənistanın hərbi təxribatları regionda sabitlik üçün təhdiddir. Onlar inkişafın yox, qarşıdurma, münaqişə və gərginliyin tərəfdarıdırlar.
“Qəribəsi odur ki, Ermənistanda hələ də başa düşmürlər ki, yeni ərazilərimizin işğalı ilə bağlı çirkin planlarından əl çəkməsələr, bunun nəticəsi məhz onların özü üçün daha ağır olacaq. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan Respublikasının Qarabağ bölgəsinin işğalı müvəqqətidir. Ermənistan tərəfindən işğal olunan bütün ərazilərimiz azad ediləcək və bütün məcburi köçkünlərimizin öz doğma yurdlarına geri dönməsi təmin ediləcək”, - deyə Ayaz Mirzəyev vurğulayıb.