Ayxan Abbasov “Şamaxı”dan ayrılacaq? - Klub rəhbərliyindən açıqlama
Bakı, 5 may, AZƏRTAC
Mövsümün əvvəlində rəhbərlik tərəfindən qarşıya qoyulan əsas məqsəd Premyer Liqada yerimizi qorumaq, eyni zamanda bacardığımız qədər turnir cədvəlində daha yuxarı pillələrdə qərarlaşmaq idi. Hədəflərimizə çatdığımızı düşünürəm.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Şamaxı” klubunun İdarə Heyətinin sədri Elçin Usub deyib.
Baş məşqçi Ayxan Abbasovun mövsümün sonunda komandadan ayrılacağı ilə bağlı xəbərlərə də toxunan klub rəsmisi hələlik buna şərh vermək istəmədiyini bildirib: “Ayxan müəllim mövsümün sonuna kimi komandanın başında olacaq. Yeni baş məşqçi məsələsinə nöqtə qoyulduqda bu barədə rəsmi məlumat veriləcək”.
E.Usub “Şamaxı”nın növbəti mövsüm üçün hədəfləri haqqında da danışıb: “Hazırkı reallığı nəzərə alsaq, yeni mövsümdə də komandanın qarşısına Premyer Liqada qalmaq hədəfi qoyulacaq. Əgər kluba yeni sponsorlar cəlb olunsa, o zaman başqa hədəflərdən danışmaq olar”.
“Şamaxı”nın aparıcı futbolçusu Kərim Rossinin gələcəyi ilə bağlı da danışan klub rəsmisi müqaviləsi başa çatmaqda olan isveçrəli hücumçunun komandada qalıb-qalmayacağına mövsümün sonunda aydınlıq gələcəyini vurğulayıb.
Qeyd edək ki, “Şamaxı” hazırda 35 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.