Azadlığa gedən yol şəhidlikdən başlayır
Paris, 20 yanvar (AZƏRTAC). Azadlığa gedən yol şəhidlikdən başlayır. Bu fikri tariximizin yaddaşında əbədi iz salan qanlı 20 Yanvarla bağlı Hollandiyada keçirilən anım mərasimində Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Sahil Qasımov söyləmişdir.
Sahil Qasımov bildirmişdir ki, dağılmaqda olan sovet imperiyası Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsini boğmaq üçün yanvarın 20-də Bakıya qoşun yeridərək silahsız və dinc əhaliyə qarşı əsrin görünməmiş qırğınını törətmişdir. Sovet ordusunun əsgərləri əhaliyə divan tutmuş, günahsız insanları amansızlıqla qətlə yetirmişdir. Müdhiş gecədə yüzlərlə azərbaycanlı yaralanmış və itkin düşmüşdür. Bu ağlasığmaz vəhşiliyə baxmayaraq, onlar xalqın müstəqillik və azadlıq iradəsini qıra bilməmişlər. Həmin gün yüzlərlə insan bugünkü müstəqilliyimiz, azadlığımız yolunda şəhid olmuşdur.
Bildirilmişdir ki, 24 il bundan əvvəl şəhidlik zirvəsinə ucalanlar xalqımız tərəfindən unudulmamışdır, hər il yanvarın 20-də onların xatirəsi anılır.
Diqqətə çatdırılmışdır ki, qanlı faciədən sonra müstəqilliyini bərpa edən Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliyi və təcrübəsi sayəsində qısa bir vaxtda inkişaf yoluna qədəm qoymuşdur. Ulu Öndərin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artmış, ölkəmiz Cənubi Qafqaz regionunda lider dövlətə çevrilmişdir. Dünyanın aparıcı dövlətləri iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycanla hesablaşır. Azərbaycan bu gün öz sözünü deyən qüdrətli bir dövlət olmuşdur. Xarici dövlətlərdə yaşayan bütün soydaşlarımız Azərbaycanın gündən-günə çiçəklənməsindən, iqtisadi cəhətdən qüdrətli ölkə olmasından qürur hissi keçirir.
Anım mərasimində Azərbaycanın Hollandiyadakı səfirliyinin əməkdaşları, diaspor təşkilatlarının nümayəndələri, tələbələr, jurnalistlər iştirak etmişlər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris