Azərbaycan Ağsaqqallar Şurasının üzvləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Şuradan AZƏRTAC-a bildiriblər ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin taleyindəki unudulmaz rolundan, milli və dövlətçilik maraqlarına xidmət edən zəngin fəaliyyətindən bəhs edib. Sədr bildirib ki, xalqımız hər zaman ümummilli lider Heydər Əliyev məktəbindən, zəngin irsindən bəhrələnəcək.
Eldar Quliyev qeyd edib ki, ölkəmiz dahi rəhbərin ideyaları əsasında onun yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha böyük zəfərlər qazanacaqdır. Eldar Quliyev Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun geniş diapazonlu fəaliyyətindən də danışaraq, həmin təşkilat tərəfindən bir çox sosialyönümlü proqram və layihələrin uğurla həyata keçirildiyini vurğulayıb.