“Azərbaycan ailəsi-2017” film festivalına daxil olan ən yaxşı filmlərdən ibarət fond yaradılıb
Bakı, 2 noyabr, Xanım Nağıyeva, AZƏRTAC
Azərbaycan ailəsi” film festivalını keçirməkdə əsas məqsədimiz kinematoqrafiyanın imkanlarından istifadə edərək ailə institutunun cəmiyyətdə nüfuzunun artırılması, ictimaiyyətin diqqətinin ailə məsələlərinə cəlb edilməsidir. Festivala daxil olan ən yaxşı filmlərdən ibarət fond yaradılıb. Fonda daxil olan filmlərdən müxtəlif təbəqələr arasında maarifləndirmə işində istifadə edilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “Azərbaycan ailəsi-2017” film festivalının qaliblərinin mükafatlandırılması mərasimində jurnalistlərə bildirib.
Aynur Sofiyeva deyib ki, artıq 9 ildir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə bu festival keçirilir: “Biz görürük ki, ildən-ilə festivala maraq artır. Bunu müraciət edən insanların geniş təbəqəsindən, filmlərin çoxluğundan hiss edirik. Son illər xarici rejissorların filmləri də festivala daxil olmağa başlayıb. Bu il festivala 20-yə yaxın xarici ölkədən filmlər daxil olub. Ümumilikdə, “Azərbaycan ailəsi-2017” film festivalına 50-yə yaxın film, 200-ə yaxın fotoşəkil təqdim olunub. Biz bu festivalda həm ailədaxili problemlərdən, həm də fundamental ailə dəyərlərimizdən danışırıq”.