AZƏRBAYCAN ALİMİNİN NƏZƏRİYYƏSİ DÜNYA ELM DAİRƏLƏRİNDƏ BÖYÜK MARAQ DOĞURMUŞDUR
Görkəmli alimin təklif etdiyi nəzəriyyə dəniz neftqazçıxarma obyektlərində, neft-kimya müəssisələrində, elektrik stansiyalarında, hidrotexniki qurğularda, təyyarələrdə və başqa obyektlərdə qəzaların əvvəlcədən proqnozlaşdırılması yolu ilə çox böyük, irimiqyaslı, iqtisadi, sosial, ekoloji dağıntıların qarşısını almağa imkan yaradır.
Alimin bu nəzəriyyəsi ABŞ-ın Nyu-York şəhərindəki “Kluvver Akademik Publishers“ nəşriyyatında çapdan çıxmış “Siqnalların və küylərin analizlərinin robast texnologiyası” adlı kitabında geniş şərh edilmişdir.
Kitabın müəllifi, akademik Telman Əliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, həmin nəzəriyyədən bəhs edən kitabı dünyanın tanınmış alimlərinin, ekspertlərin müsbət rəylərini aldıqdan sonra nəşriyyat buraxmışdır. Bu kitab Almaniya, Yaponiya, İngiltərə, Çin, ABŞ və başqa ölkələrdə geniş yayılmaqdadır.
Yeni nəzəriyyə, deyildiyi kimi, bir çox qəzaları qabaqcadan proqnozlaşdırmağa imkan yaradır. Bugünkü dünyada isə qəflətən baş verən hadisələrin, təbii fəlakətlərin sayı getdikcə artmaqdadır.
Nəzəriyyə barədə məruzə oxumaq üçün məni Yunanıstana, Rusiya Federasiyasına dəvət etmişlər. Bu fürsətdən istifadə edərək həmin ölkələrdə olmuş, təcrübədə özünü təsdiq edən nəzəriyyə barədə ətraflı məlumat vermişəm.