AZƏRBAYCAN-ALMANİYA MÜNASİBƏTLƏRİ YAXŞI İSTİQAMƏTDƏ İNKİŞAF EDİR
Məlumatda deyilir ki, Almaniya və Azərbaycan qarşılıqlı iqtisadi münasibətləri daha da inkişaf etdirmək niyyətindədirlər. Bunu federal kansler Gerhard Şröder və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çərşənbə günü Berlində bəyan etmişlər.
Federal kansler Şröder avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə söhbətdən sonra mətbuata açıqlama vermişdir: “Almaniya ilə Azərbaycan arasında münasibətlər çox yaxşı vəziyyətdədir”. Azərbaycanda həyata keçirilən daxili islahatlar təqdirəlayiq iqtisadi inkişafa gətirib çıxarmışdır.
Federal kansler bildirmişdir ki, Prezident İlham Əliyevin hüququn aliliyinin çox yüksək səviyyədə təmin edilməsi və hüquqi dövlətçiliyin təşəkkülü istiqamətindəki səyləri hörmətə layiqdir. Şröder məhz bu nailiyyətlərdən çıxış edərək, Almaniya iqtisadiyyatının nümayəndələrini Azərbaycanda daha geniş fəaliyyət göstərməyə ruhlandırmışdır.
Prezident İlham Əliyev açıq şəkildə bəyan etmişdir ki, alman şirkətlərinin fəaliyyəti Azərbaycanda çox arzuolunandır. Federal kansler isə bildirmişdir ki, bu ilin sonu, yaxud gələn ilin əvvəlində Berlində Almaniya və Azərbaycan müəssisələrinin iştirakı ilə konfrans keçiriləcəkdir. Tədbiri keçirməkdən məqsəd iqtisadi əməkdaşlığı daha da irəli aparmaqdır.
Federal kansler Şröderin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə federal kanslerin iqamətgahında keçirilən mərasimdə iki ölkə arasında ikiqat vergidən yayınma və “Azərbaycan Hava Yolları”na 4 aerobus təyyarəsinin satılması barədə sazişlər imzalanmışdır. 169 milyon avro məbləğində olan müqavilə üç ədəd A 319 tipli təyyarənin və bir ədəd A 319 korporativ cetin satışını nəzərdə tutur.
Federal kansler vurğulamışdır ki, təyyarələrin satışı barədə müqavilə, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında daha sıx qonşuluq münasibətlərinin olmasına bir işarədir.
Ermənilərlə münaqişəni sülh yolu ilə həll etməli
Dağlıq Qarabağ münaqişəsinə münasibətini bildirərkən Şröder əmin etmişdir ki, Almaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Gerhard Şröder və İlham Əliyev bildirmişlər ki, münaqişə siyasi yolla, yəni sülh vasitəsilə həll edilməlidir. Şröder qeyd etmişdir ki, Almaniya münaqişənin ATƏT çərçivəsində həlli üçün səy göstərir.