AZƏRBAYCAN ALPİNİSTİ İSRAFİL AŞURLU EVERESTİ FƏTH ETMƏK ÜÇÜN 8 İL HAZIRLAŞMIŞDIR
Dünyanın ən hündür dağ zirvələrindn olan Everesti (8848 metr) fəth edərək adını Azərbaycanın alpinizm tarixinə yazan İsrafil Aşurlu iyunun 1-də keçirdiyi mətbuat konfransında yürüş zamanı yaranan çətinliklərdən, hazırlıq prosesindən danışımışdır.
Rusiyanın “Alpindustriya” şirkətinin təşkilatçılığı ilə “Yeddi zirvə” layihəsi çərçivəsində həyata keçirilən bu yürüş planetin ən hündür 7 dağ zirvəsini fəth etməyi nəzərdə tuturdu. Layihə çərçivəsində alpinistlər Cənubi Amerikada “Akonkaqua” (6960 metr), Şimali Amerikada “Mak-Kinli” (6194), Avstraliyada “Kostyuşko” (2228), Antarktidada “Vinson” (4897), Afrikada “Kilimancaro” (5895), Avropada isə Elbrus (5642) zirvələrini fəth etmişlər. Nəhayət, layihə Everestə yürüşlə başa çatmışdır.
İsrafil Aşurlu demişdir ki, Rusiya, ABŞ, Almaniya, İrlandiya, Belarus alpinistlərinin iştirak etdiyi Everestə yürüş uğurlu alınmışdır. Zirvəyə aparan yolda alpinistlər mühitə uyğunlaşmaq üçün bir neçə düşərgədə dayanmalı olurdular. 8300 metr hündürlükdə yerləşən sonuncu düşərgədən zirvəyə isə yalnız 10 nəfər qalxa bilmişdir. Mayın 19-da səhər saatlarında İsrafil Aşurlu zirvəyə qalxan ilk alpinistlərdən olmuşdur.
Planetin ən uca dağ zirvəsini fəth etmək üçün hazırlıq prosesi 8 il çəkmişdir. Əvvəlki altı zirvənin fəthi Everestə yürüş üçün hazırlıq məqsədi daşıyırdı. İ.Aşurlu bu layihəni sona qədər çatdıran, ümumiyyətlə isə Everesti fəth edən yeganə Azərbaycan alpinistidir.
Qeyd edək ki, indiyədək Azərbaycan alpinistləri arasında yalnız Respublika Alpinist - Turist İdmanı Klubunun sədri Saridan Mürsəqulov 1999-cu ildə Everestə təşkil edilmiş yürüşdə iştirak etmişdir. Lakin səhhətində problemlərlə əlaqədar o, yürüşü yarımçıq dayandırmalı olmuşdur.
Bu il təxminən 500 nəfərin Everestə qalxdığını söyləyən İ.Aşurlu 6 alpinistin həlak olduğunu demişdir.
Təcrübəli idmançı Azərbaycan alpinistləri arasında ilk dəfə olaraq “qar bəbiri” titulunu qazanmağa namizəddir. Bu titul keçmiş SSRİ ölkələri ərazisində yerləşən 5 ən uca dağ zirvəsini fəth etmiş alpinistlərə verilir. Bu dağ zirvələrindən üçünü fəth etmiş İ.Aşurlu digər Azərbaycan alpinisti Akil Rüstəmov ilə birlikdə bu adı qazanmağa çox yaxındırlar.
“Yeddi zirvə” layihəsini başa vuraraq Bakıya qayıtdıqdan sonra İ.Aşurluya müstəqil Azərbaycanın alpinizm üzrə ilk idman ustası adı verilmişdir.