ELM VƏ TƏHSİL
Azərbaycan-Argentina təhsil əlaqələri üzrə müzakirələr aparılmışdır
Bakı, 18 oktyabr (AZƏRTAC). Təhsil naziri Misir Mərdanov Argentina Elmi və Texniki Araşdırmalar üzrə Milli Şuranın (CONICET) prezidenti Marta Rovira ilə görüşmüşdür.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə M. Mərdanov Azərbaycan ilə Argentina arasındakı əlaqələrin, o cümlədən təhsil sahəsindəki əməkdaşlığın əhəmiyyətindən danışmışdır.
Azərbaycanın təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xüsusi maraq göstərdiyini vurğulayan nazir bu baxımdan Argentina ilə əlaqələrin səmərəli olacağına inamını ifadə etmişdir.
Marta Rovira rəhbərlik etdiyi qurumun fəaliyyətindən bəhs etmişdir. Əsasən elmi-tədqiqatların maliyyələşdirilməsi missiyasını yerinə yetirən Argentina Elmi və Texniki Araşdırmalar üzrə Milli Şuranın ölkənin ali təhsil müəssisələri ilə də əməkdaşlıq etdiyini söyləyən qonaq, həmçinin ali məktəblərdə oxuyan tələbələrin elmi-tədqiqat işlərinə dəstək verdiklərini bildirmişdir.
M.Rovira ölkələrimiz arasında müəllim və tələbə mübadiləsinin aparılmasının əhəmiyyətli olacağına əminliyini də diqqətə çatdırmışdır.
M.Mərdanov Argentinada dəqiq və təbiət elmlərinin inkişafı sahəsində ciddi nailiyyətlərin qazanılmasını yüksək uğur kimi qeyd etmişdir.
Ölkəmizdə təhsilin inkişafı üzrə reallaşdırılan tədbirlərdən söhbət açan nazir “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Argentina ali məktəblərinə də tələbə göndərilməsi məsələsinə baxılmasının mümkünlüyünü bildirmişdir.
Sonra geniş fikir mübadiləsi aparılmışdır.