AZƏRBAYCAN AŞIQLARININ V QURULTAYI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 29-da Azərbaycan aşıqlarının V qurultayı keçirilmişdir. Qurultayda 22 bölgədən 200-dən çox nümayəndə, ədəbiyyatşünas və folklorşünas alimlər, Milli Məclisin deputatları iştirak etmişlər. Məclisə Gürcüstan və Təbriz aşıqlarının nümayəndələri də qatılmışlar.
Qurultayın iştirakçıları Fəxri xiyabana gələrək, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri düzmüşlər. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı üstünə güllər qoyulmuşdur.
Qurultay Azərbaycan Dövlət Musiqili Komediya Teatrında öz işini davam etdirmişdir.
Aşıq sənətinin xalqımızın zəngin, milli maddi və mədəni sərvətlərindən biri olduğunu diqqətə çatdıran mədəniyyət və turizm naziri Əbülfəs Qarayev demişdir ki, biz bu sərvətimizi də dünyaya tanıtmalıyıq. Bu istiqamətdə intensiv iş aparılmalıdır. Nazir qeyd etmişdir ki, aşıq sənətinə dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva aşıq sənətinin YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi üçün böyük səylər göstərir.
Akademik Bəkir Nəbiyev, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, filologiya elmləri doktorları Qəzənfər Paşayev, Rafael Hüseynov, Məhərrəm Qasımlı, Sədnik Paşayev, Milli Məclisin deputatı Qənirə Paşayeva, Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, aşıqlar Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov və başqaları çıxış edərək, aşıq sənətinin inkişaf etdirilməsi və təbliğ olunması istiqamətində işlərin intensivləşdirilməsini, Bakıda ”Ozan-Aşıq evi”nin tikilməsini, ustad aşıqların ifalarının SD disklərinə köçürülməsini, aşıq sənəti ensiklopediyasının hazırlanmasını, beynəlxalq festivalların keçirilməsini təklif etmişlər.
Qurultayda təşkilati məsələyə baxılmış, xalq şairi Zəlimxan Yaqub Azərbaycan Aşıqlar Birliyinin sədri seçilmişdir.
Zəlimxan Yaqub ona göstərilən etimada görə qurultay iştirakçılarına minnətdarlığını bildirmiş, qarşıda duran vəzifələrdən danışmışdır.
Qurultay aşıqların geniş konsert proqramı ilə başa çatmışdır.
######
