AZƏRBAYCAN ATƏT-LƏ ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIR
AZƏRTAC xəbər verir ki, fevralın 4-də Milli Məclisin sədri Murtuz Ələsgərov parlamentdəki Heydər Əliyev zalında ölkəmizdə səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Kristian Ştrohalı və onu müşayiət edən şəxsləri qəbul etmişdir.
Murtuz Ələsgərov qonaqları səmimi salamladıqdan sonra dedi ki, 1998-ci ildə Azərbaycanla ATƏT DTİHB arasında anlaşma protokolu imzalandıqdan sonra əvvəllər mövcud olan əlaqələrimizlə yeni mərhələ başlanmışdır. Biz Avropaya inteqrasiyaya, demokratiyanın inkişafına, insan hüquqlarının müdafiəsinə xüsusi diqqət yetiririk. Vətəndaşlara Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ verən qanun qəbul olunmuş, Ombudsman təsisatı və ictimai televiziya yaradılmışdır. Son 5 ildə parlament insan hüquqları ilə bağlı 40-dan çox konvensiyanı təsdiq etmişdir. DTİHB-nun bu səhədə rolunu nəzərə alaraq sizinlə əməkdaşlığa xüsusi diqqət yetiririk.
Əfsuslar olsun ki, insan hüquqları ilə bağlı hesabat hazırlayan təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələrini nəzərə almırlar. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işgal etmiş, 1 milyondan çox insanın hüquqları kobud şəkildə pozulmuşdur. Problemə BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar münasibət bildirmişlər. Avropa Şurası Parlament Assambleyası bu il yanvarın 25-də qətnamə qəbul etmiş, Ermənistanı bir daha təcavüzə son qoymağa çağırmışdır. Münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT-in Mİnsk qrupu da fəaliyyətini artırmalı, problemin tezliklə ədalətli həllinə nail olmalıdır. Güman edirik ki, siz və rəhbəri olduğunuz təşkilat bu faktı nəzərə alacaq, səylərini artıracaqdır.
Səmimi qəbul və ətraflı məlumat üçün minnətdarlıq edən Kristian Ştrohal demişdir ki, başçılıq etdiyi təşkilat Azərbaycanla əlaqələrin genişlənməsində maraqlıdır. Biz demokratiyanın inkişafında, insan hüquqları sahəsində, sivil qanunların qəbulunda sizə yardım etməkdən şərəf duyuruq. Əlbəttə ki, ölkənizdə qazanılmış uğurlar bizi də sevindirir. Bakıya səfərimizin əsas məqsədi bəzi strukturların təkmilləşdirilməsi ilə bağlı verdiyimiz tövsiyələrin icra vəziyyəti, qarşıdan gələn parlament seçkilərinə hazırlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparmaq, yeni tövsiyələr verməkdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.