Azərbaycan-Belarus əlaqələri dinamik inkişaf edir
Bakı, 19 iyun (AZƏRTAC). İyunun 19-da Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Belarusun xarici işlər nazirinin birinci müavini Aleksandr Mixneviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilmişdir.
Xələf Xələfov Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrin əhəmiyyətindən danışmış, ölkələrimizin münasibətlərinin hazırkı vəziyyətindən məmnunluq ifadə etmişdir. O, Azərbaycan ilə Belarus arasında iqtisadi, humanitar, təhsil, mədəniyyət və digər sahələrdə, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyini vurğulamışdır.
Azərbaycanın hər zaman regional əlaqələrin inkişafına böyük önəm verdiyini diqqətə çatdıran X.Xələfov bu çərçivədə aparılan çoxtərəfli və ikitərəfli dialoqların inkişaf etdirilməsinin əhəmiyyətini vurğulamışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar, problemin həllinə dair aparılan danışıqlar prosesi barədə qonağı məlumatlandıran Xələf Xələfov Ermənistanın təcavüzkar siyasətindən əl çəkməməsinin, işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmamasının danışıqların irəliyə getməsinə və ümumilikdə problemin həll olunmasına imkan vermədiyini vurğulamışdır.
Ermənistanın BMT tərəfindən tanınmış sərhədləri çərçivəsində Gömrük İttifaqına qoşulması məsələsinə diqqətin cəlb olunduğu görüşdə əlaqədar prinsiplərin praktiki surətdə yerinə yetirilməsinin vacibliyi vurğulanmışdır.
Belarus xarici işlər nazirinin birinci müavini Aleksandr Mixneviç iki ölkə arasında münasibətlərin dinamik inkişafından məmnunluq hissi duyduğunu bildirmiş, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın səviyyəsindən razılıq ifadə etmiş, regional əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılmışdır.