Azərbaycan bir çox Avropa institutlarının bərabərhüquqlu üzvüdür və onlarla sıx əməkdaşlıq edir
Bakı, 20 iyun (AZƏRTAC). Azərbaycan bir çox Avropa institutlarının bərabərhüquqlu üzvüdür və onlarla sıx əməkdaşlıq edir.
Bu fikirlər iyunun 19-da Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Brüsselin diplomatik sektorunda yerləşən ofisində təşkil olunmuş seminarda səslənmişdir.
Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a verilən məlumata görə, seminarın məqsədi Avropa Parlamentində çalışan istedadlı azərbaycanlı tələbələri və gənc mütəxəssisləri Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin hazırkı vəziyyəti barədə məlumatlandırmaq olmuşdur.
Azərbaycan Respublikasının Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov seminarda çıxış etmişdir. O demişdir ki, Avropa İttifaqının enerji təhlükəsizliyi sisteminin yenidən qurulması məsələsinin aktuallığı fonunda, həmçinin Azərbaycan qazının Avropaya daşınmasını nəzərdə tutan 45 milyard dollarlıq layihələrin həyata keçirilməsini nəzərə alaraq Azərbaycanın əhəmiyyəti əvvəlki vaxtlarda olduğundan daha da artmışdır. O qeyd etmişdir ki, bu yaxınlarda Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun Bakıya baş tutmuş səfəri Azərbaycanın Avropa İttifaqı üçün əhəmiyyətini bir daha nümayiş etdirdi.
İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı səfiri Arif Məmmədov azərbaycanlı tələbələrin Avropa institutlarında təcrübə keçmələrini yüksək dəyərləndirərək, gələcəkdə onların Azərbaycan üçün böyük fayda verə biləcəklərini vurğulamışdır. Səfir qeyd etmişdir ki, Azərbaycanın böyük planları vardır və onlar da bunun bir hissəsidir.
Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbərinin müavini Hüseyn Hüseynov demişdir ki, Azərbaycan-NATO münasibətləri yüksək səviyyədədir və 28 üzv dövlətin hər biri Azərbaycanı etibarlı tərəfdaşı hesab edir. O demişdir ki, NATO Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır.
Avropa Azərbaycan Cəmiyyətinin Belçikadakı nümayəndəliyinin rəhbəri Roman Huna TEAS-ın qapılarının Brüsseldə təcrübə keçən və ya işləyən azərbaycanlıların üzünə hər zaman açıq olduğunu bildirmişdir.