Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əlaqələrinin inkişaf perspektivləri müzakirə edilmişdir
Əbu Dabi, 17 iyun (AZƏRTAC). Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Elxan Qəhrəman bu ölkənin xarici işlər nazirinin yeni təyin olunmuş siyasi məsələlər üzrə müavini Əhməd Əl-Cərman ilə görüşmüşdür.
E.Qəhrəman Ə.Əl-Cərmanı yeni təyinatı münasibətilə təbrik etmiş, fəaliyyətində, xüsusən də Birləşmiş Ərəb Əmirlikləri-Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsi işində ona uğurlar diləmiş və bu məsələdə əməkdaşlığa həmişə hazır olduğunu diqqətə çatdırmışdır.
Ölkələrimiz arasında ikitərəfli əlaqələrin, xüsusən də iqtisadi sahədə əməkdaşlığın genişləndiyini söyləyən səfir bu əlaqələrin digər sahələrdə də inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişdir. O, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri hökumətləri arasında İqtisadi, Ticarət və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyanın son 5 ildə artıq dörd iclasının keçirildiyini və növbəti iclasın təşkilinin cari ilin sonunda planlaşdırıldığını, habelə Dubay Ticarət Palatasının ilk regional nümayəndəliyinin məhz Bakı şəhərində açıldığını və bütün MDB məkanını əhatə etdiyini xatırlatmışdır.
Ə.Əl-Cərman yeni vəzifəsində Azərbaycan ilə ikitərəfli əlaqələrin inkişafı üçün əlindən gələni edəcəyini bildirmiş, ölkələrimiz arasında ticari-iqtisadi əməkdaşlığın səviyyəsinin razılıq doğurduğunu söyləmişdir.
E.Qəhrəman Birləşmiş Ərəb Əmirliklərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sabit mövqeyinin Azərbaycanda yüksək qiymətləndirildiyini qeyd etmiş, münaqişənin həllinə dair danışıqların son durumu haqqında məlumat vermişdir.
Səfir vaxtı ilə Ermənistan xalqının Azərbaycanın tarixi ərazilərində dövlət qurmaqla öz müqəddəratını həll etmiş olduğunu söyləmiş, Azərbaycan torpaqlarında təkrarən ikinci erməni dövlətinin yaradılmasının qəbuledilməzliyini vurğulamışdır.
Görüşdə, həmçinin Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin sentyabr ayında keçirilməsinə dair razılıq əldə edilmiş, habelə ölkəmizin tarazlı xarici siyasətindən, həyata keçirdiyi enerji siyasətindən, xüsusilə TAP, TANAP qaz layihələrinin əhəmiyyətindən danışılmışdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Abu Dabi