İDMAN
Azərbaycan-Bolqarıstan voleybol oyununu isveçrəli hakim idarə edəcək
Bakı, 28 may, AZƏRTAC
Qadın voleybolçular arasında Qızıl Avropa Liqasının IV turunun hakimləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, mayın 30-da Bakıda keçiriləcək Azərbaycan-Bolqarıstan görüşünün əsas hakimi isveçrəli Kristian Volf olacaq. Ona köməkliyi isə həmyerlimiz Eldar Zülfüqarov edəcək.
Qeyd edək ki, Azərbaycan Voleybol Mərkəzində keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək.
Qızıl Avropa Liqasında milli komandalar üç qrupda mübarizə aparırlar. “E” qrupunda yer alan Azərbaycan yığmasının rəqibləri Ukrayna, Portuqaliya və Bolqarıstan seçmələridir. Komandamız ilk görüşdə Bakıda Ukrayna yığmasını 3:1, ikinci qarşılaşmada isə Portuqaliya seçməsini eyni hesabla məğlubiyyətə uğradıb. Voleybolçularımız üçüncü turda Bolqarıstan millisinə səfərdə 1:3 hesabı ilə uduzublar.
Liqanın final mərhələsi Macarıstanda keçiriləcək.
Xatırladaq ki, Azərbaycan millisi 2016-cı ildə bu yarışın çempionu adını qazanıb.