AZƏRBAYCAN CÜDOÇUSU RAMİL QASIMOV DÜNYA KUBOKU TURNİRİNDƏ ERMƏNİSTAN İDMANÇISINI MƏĞLUB ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan cüdoçusu Ramil Qasımov (66 kq) Vyanada kişilər arasında keçirilən dünya kuboku turnirinin təsəlliverici görüşlərində Ermənistan idmançısını məğlub etmişdir.
R.Qasımov ardıcıl olaraq, Sandor Taraba (Macarıstan), Vu Ritubilige (Çin) və Miloş Miyakoviçə (Serbiya) qalib gələrək dörddəbir finala vəsiqə qazansa da, yunanıstanlı Tariyel Zantiridisə məğlub olaraq çıxışını təsəlliverici görüşlərdə davam etdirməli olmuşdur. Bu mərhələdə ilk görüşünü Ermənistan idmançısı Mesrop Barbaryan ilə keçirən R.Qasımov rəqibi üzərində parlaq qələbə qazanmışdır. Növbəti döyüşdə ispaniyalı Penas Oskarı yarışdan kənarlaşdıran Azərbaycan cüdoçusu bürünc medal uğrunda son görüşünü İtaliya təmsilçisi Covani Kasaleyə qarşı keçirəcəkdir.
Pekin Yay Olimpiya Oyunlarına lisenziya xalları verən bu turnirdə Azərbaycan 8 idmançı ilə təmsil olunur.
Yarışın ilk günü R.Qasımovdan başqa, tatami üzərinə Sərxan Əhmədov (60 kq), Elçin İsmayılov (66 kq) və Samir İsmayılov (73 kq) da çıxmışlar. E.İsmayılov səkkizdəbir finala qədər irəliləsə də, bu mərhələdə Kolin Qeytsə (Boyük Britaniya) uduzmuşdur. S.Əhmədov isə təsəlliverici mərhələdə Qazaxıstan təmsilçisi Salamat Utarbayevə uduzaraq mübarizədən kənarda qalmışdır. Uğursuz çıxış edən S.İsmayılov da mübarizəni dayandırmalı olmuşdur.
Fevralın 17-də turnirə daha 4 idmançımız qoşulacaqlar.