AZƏRBAYCAN DAHA BİR BEYNƏLXALQ TƏŞKİLATIN ÜZVÜ OLMUŞDUR
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi Beynəlxalq Standartlaşdırma Təşkilatına (İSO) tamhüquqlu üzv qəbul edilmişdir. Agentliyin baş direktoru Xalidə Məsimova AZƏRTAC-ın müxbirinə demişdir:-Agentliyimiz son günlərədək beynəlxalq səviyyədə standartlaşdırma prosesinin aparılması üçün heç bir səlahiyyətə malik deyildi. Artıq İSO-nun tam səlahiyyətli üzvü olan təşkilatımız bu nüfuzlu beynəlxalq qurumun bütün texniki komitələrində iştirak etmək, yaradılacaq standartların layihələrinə səs vermək, onun Şura üzvü seçilmək və baş Assambleyanın bütün müşavirələrində təmsil olunmaq hüquqlarına malikdir. Hazırda İSO-nun tərkibinə 120 ölkənin milli standartlaşdırma təşkilatları daxildir. Onların sayı günbəgün artmaqdadır. Soruşula bilər ki, belə bir nüfuzlu təşkilata üzv olmağımız Azərbaycana nə verəcəkdir? Respublikamızın Ümumdünya Ticarət Təşkilatına daxil olması ərəfəsində ölkəmizdə keçirilən iqtisadi islahatlar nəticəsində Azərbaycanın dünya dövlətlərinin iqtisadiyyatına inteqrasiyasını nəzərə alaraq, müasir elmi-texniki potensialı və qabaqcıl beynəlxalq təcrübəni özündə cəmləşdirən standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində normativ sənədləri müntəzəm olaraq təkmilləşdirmək və müasir beynəlxalq təcrübəyə uyğunlaşdırmaq, məmləkətimizin iqtisadiyyatının beynəlxalq təcrübə əsasında inkişafını təmin etmək baxımından agentliyimizin İSO-ya tam hüquqlu üzv olması mühüm əhəmiyyət daşıyır. Möhtərəm Prezidentimiz Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycan ən nüfuzlu beynəlxalq və regional təşkilatlara üzv olmaqla dünyaya sıx inteqrasiya edərək onun ayrılmaz hissəsinə çevrilmişdir.