AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNDƏ GÖRÜŞ
Görüşdə Türkiyə vətəndaşlarının Azərbaycan universitetlərində təhsili məsələləri barədə fikir mübadiləsi aparılmış, habelə iki ölkənin ali məktəblərinin verdiyi diplomların qarşılıqlı surətdə tanınması problemi müzakirə edilmişdir. Türkiyəli tələbələr xüsusi vurğulamışlar ki, Azərbaycan xalqının mehribanlığı və qonaqpərvərliyi sayəsində təhsildə heç bir çətinliklə üzləşmirlər.
Bununla yanaşı, nəzərə çarpdırılmışdır ki, Azərbaycan ali məktəblərinin məzunları vətənə qayıtdıqdan sonra orada işədüzəlmə problemi ilə qarşılaşırlar, çünki Türkiyənin dövlət idarələri respublikamızın bir çox universitetlərinin diplomlarını qəbul etmirlər.
Türkiyənin Azərbaycandakı səfirinin birinci köməkçisi Suat Akgün və səfirliyin təhsil üzrə nümayəndəsi Səlahəddin Dikmən bildirmişlər ki, Azərbaycan ali məktəblərinin diplomlarının tanınması məsələsi Türkiyənin dövlət qurumlarının rəhbərliyi qarşısında qaldırılmışdır və bu problem diplomatik nümayəndəliyin rəhbərliyinin diqqət mərkəzindədir.
Respublikanın digər ali məktəblərində oxuyan tələbələrlə də bu cür görüşləri müntəzəm keçirmək qərara alınmışdır.