Azərbaycan diplomatının 31 mart soyqırımına dair məqaləsi Türkiyə mətbuatında geniş işıqlandırılıb
İstanbul, 31 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Qarsdakı baş konsulu Ayxan Süleymanlının 31 mart - Azərbaycanlıların soyqırımına dair məqaləsi Türkiyənin kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.
Məqalədə 1918-ci ilin martında erməni silahlı dəstələrinin Azərbaycanda dinc əhaliyə qarşı törətdikləri soyqırımından ətraflı bəhs edilib. Yazıda daşnak-bolşevik hərbi birləşmələrinin Azərbaycanın Zəngəzur, Şamaxı, Quba və digər bölgələrində törətdikləri vəhşiliklər barədə oxuculara müfəssəl məlumat verilir. Zəngin tarixi faktlar və arxiv materialları əsasında hazırlanmış yazı böyük maraq doğurub.
Yazıda sovet dövründə 1918-ci il hadisələrini Azərbaycan xalqına unutdurmağa ciddi cəhdlər edildiyini bildirən Ayxan Süleymanlı diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə həmin hadisələrə hüquqi-siyasi qiymət verilib. Azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldığı məhz bu Fərmanla ilk dəfə rəsmi olaraq dünya ictimaiyyətinə çatdırılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul