Azərbaycan Dövlət İqtisad Universitetində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilmişdir
Bakı, 18 yanvar (AZƏRTAC). Yanvarın 18-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları 20 Yanvar şəhidlərinin universitetin həyətindəki abidəsi önünə güllər düzmüş, xatirələrini ehtiramla yad etmişlər.
Anım mərasimində ölkəmizin müstəqilliyi və azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, faciəni əks etdirən sənədli film nümayiş olunmuşdur.
Universitetin rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev faciənin mahiyyətindən danışmışdır. Bildirmişdir ki, bu faciə Azərbaycanın və bütövlükdə türk dünyasının faciəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıya girərək dinc əhaliyə qarşı qəddarlıqlar törətmişdir. O, müdhiş gecədə əliyalın insanlara, o cümlədən uşaqlara və qocalara divan tutulmuş, günahsız qanlar axıdılmışdır. Faciə nəticəsində 147 nəfər şəhid olmuş, yüzlərlə insan yaralanmış və qanunsuz olaraq həbs edilmişdir. Həmin gün xalqımız böyük faciə ilə üzləşsə də, özünün Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, azadlıq, müstəqillik uğrunda mübarizliyini, sarsılmazlığını bütün dünyaya sübut etdi. 20 Yanvar faciəsi başda M.Qorbaçov olmaqla, ermənipərəst sovet rəhbərliyinin Azərbaycana qarşı məkrli niyyətini bir daha sübut etdi. Hadisədən dərhal sonra xalqımızın böyük oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək imperiyanın əsl niyyətlərini bütün dünyaya bəyan etdi. Ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra bu qanlı aksiyaya siyasi-hüquqi qiymət verildi. İyirmi üç əvvəl ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. İnanıram ki, Azərbaycan yaxın gələcəkdə daha böyük uğurlar qazanacaq, bütün sahələrdə nailiyyətlər əldə edəcəkdir. Lakin zaman keçsə də, əsrlər ötsə də 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir.
Tədbirdə iştirak edən professor Ramazan Taşdurmaz çıxış edərək, bu kədərli gündə xalqımızın dərdinə şərik olmuş, şəhidlərin ruhuna rəhmət diləmişdir. Qeyd etmişdir ki, Azərbaycan torpağı tökülən qanlar hesabına müqəddəs Vətən olmuşdur. Bütün türk dünyası, eləcə də Türkiyə xalqı Azərbaycanın bu qara gününü heç vaxt yaddan çıxarmayacaqdır.
Digər çıxış edənlər də 20 Yanvar faciəsinin xalqımızın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldığını söyləmişlər.
Sonra şəhid ailələrinə maddi yardım təqdim olunmuşdur.